Qazax sakinləri prezidentə müraciət etdilər

qazax-sakinleri-prezidente-muraciet-etdiler
Oxunma sayı: 669

Qazax rayonunda evlər su altında qala bilər. Bu barədə “Qafqazinfo”nun redaksiyasına gələn şikayət məktubunda bildirilir. Qazax şəhəri, Azadlıq küçəsi 143, 145, 147 və 149 ünvanında yaşayan sakinlərin sözlərinə görə, həmin küçədən keçən “Poylu” arxı illərdir təmizlənmədiyindən məcrasından çıxaraq, bağları gölməçəyə çevirib: “Poylu” arxı son 10 ildə bir dəfə də olsun təmizlənmədiyindən gələn su məcrasından çıxıb, bağlarımızı su basıb. Evlərimizi də qrunt sularından uçmaq təhlükəsi ilə üz-üzə qoyub. Hazırda həyətyanı sahələrimizin 2/3 hissəsi yararsız haldadır.” Arx sularının həyətyanı sahələrə zibil və kanalizasiya artıqları, o cümlədən çətənə kökləri və ilan, qurbağa gətirdiyindən şikayətlənən sakinlər son 3-4 ildə ən yaxşı bar verən ağaclarının quruduğunu deyib: “Dillərə dastan olan bağlarımızdan əsər-əlamət qalmamışdır. “Poylu” arxının məcradan çıxması həm də buraya malyariya kimi xəstəliklərin yol tapmasına səbəb olub. Kəndli olaraq, həyətimizdə kənd təsərrüfatı ilə də məşğul olaraq, günlük ehtiyaclarımızı qarşılamağımız da imkansız hala gəlib”.

Sakinlərin sözlərinə görə bu müddət ərzində onlar Qazax rayon İcra hakimiyyətinə 352 məktub, 167 teleqramla müraciət etsələr də icra hakimi Rauf Hüseynov bu məsələyə laqeyd münasibət göstərir: “Artıq bəzi evlərin “podval”ına qrunt sularından girmək belə olmur və qrunt suları evlərdə çatlar yaradıb. Evlərimiz hər an su altında qala və ya uça bilər. Əlacımız üzüldüyü üçün Azərbaycan Prezidentindən yardım istəyirik”.

Fatimə Kərimli