Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

qurtulus-gunune-hesr-olunan-tedbir-kecirilib
Oxunma sayı: 1452

Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbir Heydər Əliyevin, “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Azərbaycan dövlətinin rəhbəri kimi əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın müstəqilliyini qorumaq və əbədi saxlamaq mənim öz canımdan qat-qat artıqdır” fikirlərini də əks etdirən filmin nümayişi ilə başlayıb. 

İcra başçısının birinci müavini Vaqif Həsənov bildirib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanı olduqca ağır bəlalardan xilas etdi: “Milli Qurtuluş Gününə gedən yol olduqca çətin və ağrılı bir dövrdən keçib. Azərbaycan hökumətinin başında siyasi idarəçilikdə səriştəsi olmayan yarıtmaz qüvvələr dururdu. İndi gözlərimiz qarşısına həmin günləri gətirəndə bir daha əmin oluruq ki, ümummilli lider Heydər Əliyev o gün üçün həll edilməsi mümkün olmayan bir problemi həll edə bilmiş, Azərbaycanı o ağır durumdan xilas etməyi bacarmışdı".

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin çətinliklə əldə etdiyi, lakin o dövrdə göstərilən təzyiqə tab gətiməyərək saxlaya bilmədiyi müstəqilliyimizin arada uzun illər keçdikdən sonra yenidən, bu dəfə əbədi qazanılmasının tarixi əhəmiyyətindən danışıb.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın tarixində tutduğu önəmli mövqeyindən söz açaraq diqqətə çatdırıb ki, bu gün Azərbaycanın sürətli inkişafının əsasında birmənalı olaraq mərhum lider Heydər Əliyev siyasəti dayanır.

Tədbirin sonunda Xəzər rayonunun ictimai işlərində fəallıq nümayiş etdirən bir qrup gənc mükafatlandırılıb.