“Rembo”nun sağlığına qonaqlıq verənlər

rembonun-sagligina-qonaqliq-verenler
Oxunma sayı: 1647

Raminə Eyvazqızı

Bizimkilər nə çox sevirmişlər bu kişini. Heç 4-5 aydan bir böyük sənətkarımız rəhmətə gedəndə, şəhid xəbərləri, baş sağlıqları bu qədər el arasında yayılmır. Silvestr Stalloneyə  heyranlığı, hörməti azərbaycanlı olaraq gözəl ifadə etdiniz, sağ olun. Səbəbkar, sözsüz, böyük karyera sahibi olmaqla yanaşı, gözəl aktyor, dünya kişilərinə ilham verən, bədən brendi sahibidir. Kişi haqqında keçmiş zamanda danışmıram, ölməyib. Maraqlı olan odur ki, niyə belə insanların hörməti yalnız onların yalan və doğru ölüm xəbərləri yayılanda artır? Elə bil qəfil şirinləşirlər. Hətta bizimkilərin sosial şəbəkədə bu "acı" xəbərə qəhərdən çörəyi boğazında qalanlar da oldu. Müşahidələrimdən belə qənaətə gəldim ki, vaxti ilə "Rembo", "Rokki" filmləri ilə daha çox məşhurluq qazanan Silvestr üçün xeyli dua oxuyanlar, "Allah rəhmət eləsin"i deməyə dilə gəlməyənlər də vardı. Bir axmaq  üzündən yayılmış yalnış ölüm xəbəri bütün planeti titrətdi. 

Bəlkə S. Stallone də bizimkilərə oxşamaq istəyib. Oturub, deyib "yoxlayım görək, ölsəm, neçə nəfər sevinər, üzülər görəsən". Hollivuddakıların belə azarları yoxdur. Bunlar necə edirlərsə, bizimkilər kimi gözügötürməyən həmkarı olmur da. Hamı bir-birinə hörmətlə yanaşır, ayağının altını qazmaq əvəzinə, asfalt çəkir. Yoxsa bizdə hər yetən " sənətkar" çıxıb replika atır, güya hamı buna paxıllıq edir. Gedin, özünüzə Stallone hörməti qazanın, gec deyil hələ. 

Sizə hələ Silvestrin  sağlıq xəbəri yayılanda bizimkilərin şadyanalığını demirəm. Ölüm xəbərinin yanlış olduğunu deyən mübahisə qaliblərinin sevinci, udanlara qonaqlıq verənlərin zarafatları. Ay Silvestr, ayağın qırılmazdı ki, bir dəfə bu tərəflərə gələrdin də, gör Xəzərin sahilində səninlə "rumka" vurmaq istəyən nə qədər remboçuların var. 

Xatırlayırsız yəqin, bir vaxtlar (90-lar) el arasında sözlər vardı. "Filankəsin oğlu elə bir Rembodur". "Filankəsin qızına Rembo kimi oğlan elçi düşüb". Sinəsini şişirdib gəzən, özünü ona bənzədənlərin nəsli indi də uğurla davam etdirilir. Amma "Rembo"nun bundan xəbəri belə yoxdur.

S. Stallone aktyor kimi qəhrəmandırsa, bizim Qarabağ müharibəsində kifayət qədər bədəni şişməmiş, amma qüvvətli oğullarımız olub. Onların ölümünə bu gün də ürəyi yanmayanlar var. Həmin Stallonenin sağlığına şükür edənlərin arasında lap çoxu var. Saxta qəhrəman zamanında ilişib qalmışıq. İndinin özündə yalançı qəhrəmanlar o qədər çoxdur ki, torpaq altında və ya həyatda qalanları gölgəsində görünməz edir. Stallone yazılmış ssenarilərin hesabına filmlərdə uğurlar, sevildikdən sonra da pullar qazanmışdı. Bizim qəhrəmanlarımız ssenariyə görə qəhrəman olmadılar, ona görə də sonradan nə uğur qazandılar, nə də pul. Bu gün Qarabağ müharibəsi döyüşçüləri, qazilərinin də təzədən "qəhrəman"lıq iddiası yoxdur. Onsuzda sıraları getdikcə azalır. Onlar edəcəklərini ediblər, heç nə yoğurmayan, bişirməyənlər isə isti kökələrini ağızları sulana-sulana yeyirlər. 

Bu gün S.Stallone sevgisini vəsf edənlər, okeanın o tayında, çox uzaqlarda, xəritədə yerimizi heç axtarsa belə tapa bilməyən aktyorla qarşılaşsalar, yenə də onunla yalnız şəkil çəkdirməyə gücləri çatacaq. Sorğular keçirilir, Xocalıdan söz deyə bilməyənlər, laqqırtı çəkib zarafatından qalmırlar. Niyə utanıb yerə girmirsiniz? Böyük miqyasda səviyyəsiz gəncliyin, kitabsız cəmiyyətin 4 gün sonrakı tarixdən xəbərsiz olması yenə təəccüb doğurmur. Xocalı faciəsini xatırlamayan, faciədə ermənilərin qətl etdiyi insan sayını bilməyənlər  S. Stallonenin yaşının neçə olduğunu dəqiqləşdirməyə çalışırlar. Üzünüzdən əcnəbi aktyorun yumruğu əskikdi, vallah.

Haşiyə. 2 il əvvəl macar rejissor Erik Boqnar məcburi köçkünlərimiz və Qarabag müharibəsindən "Atəşkəs" adlı film çəkmişdi. Filmdə nə qəhrəman axtardım, nə də satqın. Bizim bəzi gözütutulmuşlara macar rejissorun duyğusundan, hissiyyatlı gözündən arzuladım. Qəhrəman elə macarın özü idi, nə Qarabağda döyüşmüşdü, nə də şahid idi, sadəcə hiss etmişdi bizim ağrını. Mərdlik yaşa, başa, xalqın mənsubiyyətinə baxmır.