Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

sefer-mehdiyev-umumdunya-gomruk-teskilatinin-bas-katibi-ile-gorusub
Oxunma sayı: 677

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev aprelin 25-də Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində baş tutub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT-nin Baş katibi Kunio Mikuriyanın bu ilin yanvarında Azərbaycana səfərindən sonra onunla yenidən görüşməkdən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu vurğulayan Baş katib təmsil etdiyi qurumun bir neçə mərkəzinin Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

Görüşdə, eyni zamanda, bu ilin iyununda Azərbaycanda baş tutacaq informasiya texnologiyaları sahəsində beynəlxalq konfransın təşkili, həyata keçirilən hazırlıq tədbirləri ilə bağlı məsələlər müzakirə edilib.