Tramp hüquqsuzluğun yaranmasına imza atmış oldu

tramp-huquqsuzlugun-yaranmasina-imza-atmis-oldu
Oxunma sayı: 1260

BMT-nin Nizamnaməsini tribunada çıxış edərkən kənara tullamaqla ona hörmətsizlik edən Müəmmər Qəddafini ən ağır şəkildə cəzalandıran ABŞ və Qərb, həmin nizamnaməni tapdalamaqla ona eyni hörmətsizliyi göstərən Donald Trampa da eyni münasibəti sərgiləyəcəkmi?!

Bütün dünya Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İranla əldə edilmiş Nüvə sazişindən birtərəfli qaydada çıxması ilə bağlı 8 may tarixli qərarından danışır. Belə ki, həmin qərarla ABŞ 2015-ci ilin yayında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya İran dövləti ilə razılaşdırdıqları Nüvə Sazişindən birtərəfli qaydada çıxır. Əslində həmin razılaşma beynəlxalq aləmdə mövcud olan “Qordi düyünü”nə çevrilmiş çox ciddi problemlərin danışıqlar yolu ilə və sivil qaydada həll oluna biləcəyinin mümkünlüyü ilə bağlı müsbət tendensiyanın formalaşmasına şərait yaratmışdı. Bu, bir çox regional problemlərin həlli ilə əlaqədar, o cümlədən də Azərbaycanla Ermənistan arasında Qarabağ məsələsi ilə bağlı problemin çözülməsinə dair ümidlərin yaranmasına çox böyük zəmin formalaşdırmışdı. 

Lakin, BMT Təhlükəsizlik Şurasının üzvü, özünü dünyada demokratiyanın, insan hüquq və azadlıqlarının, hüququn aliliyinin qarantı hesab edən Amerika Birləşmiş Ştatlarının prezidenti Tramp 8 may tarixində BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində də əks olunan Beynəlxalq hüququn ən qədim və ən əsas, hamılıqla qəbul edilmiş prinsiplərindən biri olan “pacta sunt servanda” (müqavilələrə əməl olunmalıdır) prinsipinə tamamilə zidd olaraq İranla razılaşdırılmış bu müqavilədən birtərəfli qaydada çıxacağını bəyan etdi. Əslində ABŞ-ın 2015-ci ildə prezidenti olan Barak Obamanın və digər dövlətlərin o zaman bu razılaşmaya imza atması ilə ABŞ beynəlxalq münasibətlərdə bir ilkə səbəb olmuşdusa, Tramp da bu addımı ilə 2018-ci il 8 may tarixində yeni bir ilkə - dünyada hüquqsuzluğun yaranmasına, beynəlxalq hüquq normalarına və ən böyük təşkilat olan BMT-nin mövcudluğuna hörmətsizliyin rəsmi qaydada əsasının qoyulmasına və böyük siyasətdə açıq şəkildə “cığal oyun” nümayiş etdirməyə rəvac verən bir ilkə imza atmış oldu. Bir çox dünya liderlərinin, eyni zamanda həmin razılaşmada tərəf kimi iştirak etmiş dövlətlərin rəhbərləri, hətta bu razılaşmanın əsas müəlliflərindən biri olan ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən də Donald Trampın bu addımı haqlı olaraq tənqid olunsa da, bunun nəinki İran və ABŞ üçün, ümumilikdə dünya birliyi üçün xoşagəlməz bir addım olduğunu bildirsələr də, rəsmi ABŞ özünün bu siyasətini doğru hesab etməkdə israrlıdır. 

Bu cür neqativ siyasətin acı nəticələrini təkcə İran deyil, bütün dünya birliyi, o cümlədən də bizim ölkəmiz Azərbaycan ilk növbədə Qarabağ məsələsində yaşamış olacaq. Çünki, qeyd etdiyim kimi bu prinsip beynəlxalq hüququn ən ümdə prinsiplərindən biri olmaqla, BMT Nizamnaməsinin 2-ci maddəsilə yanaşı bir çox mötəbər beynəlxalq sənədlərdə, Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 26-cı maddəsində, “BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında” 1970-ci il Bəyannaməsində 7 əsas prinsipdən biri kimi və digər aktlarda öz əksini tapıb. Təbii ki, zaman həmişə olduğu kimi bu hadisəyə də lazımi qiymətini verəcək.

 Vəkil Xəyal Bəşirov