Necə yaşayaq?

-nece-yasayaq
Oxunma sayı: 2812


Bəşər yaranan gündən insan qırxdüyünlü suallarla üzbəüz qalıb. İdealistlər yaranışın sirrini metafizik qatda, materialistlər isə rasional qatda axtarmağa çalışıblar və müxtəlif fərqli nəticələr ortaya çıxıb. Kim haqlıdır? İdealistlər yoxsa materialistlər? Bu mövzuda yüzlərlə kitablar, elmi traktatlar yazılıb. Amma fəlsəfə tarixinin ən əsrarəngiz simalarından olan Sokratın sözü bu gün də qüvvədədir. O deyirdi ki, ən müdrik adam heç nə bilmədiyini bilən adamdır.

Bu günlərdə Volterin “Kandid yaxud optimizm” əsərini yenidən oxudum. Bu əsər bir dəfə yox, bir neçə dəfə oxunmaq üçün yazılmış bir əsərdir. Volter XVIII əsr Fransasının yetişdirdiyi ən nəhəng fikir adamlarından biridir. Onun “Fanatizm” əsəri bütün ehkamların kökünü qazıb. XIX əsrin Amerikan filosofu və yazıçısı Uill Dürant Volter haqqında belə yazırdı: “İtaliya öz renessansına, Almaniya öz reformasiyasına, fransa isə öz Volterinə malik idi. O, öz ölkəsi üçün həm renessans, həm reformasiya, həm də inqilabın yarısı idi. Volterin öz zəmanəsi ilə döyüşməyə vaxtı vardı. O, bu döyüşü uddu və ömrünü bir fateh olaraq başa vurdu”. Məncə, bu fikirlər Volterin dünya fəlsəfəsindəki yeri və rolu haqqında kifayət qədər dolğun təəssürat yaradır. Volter ömür boyu təzyiqlər və həbslərlə üzləşməli olub. Sonda vətənindən İngiltərə sürgün olunub. Bütün bəşəriyyətin qarşısında aciz qaldığı metafizik suallara Volter də bütün yaşamı boyunca cavab tapmağa çalışıb.

“Kandid” balaca bir povestdir və Volter bu əsəri bekarçılıqdan yazdığını deyib və sonradan müəyyən səbəblərə görə bu əsərin müəllifliyindən imtina edib. Əsər eyni vaxtda beş ölkədə “alman dilindən tərcümə” adıyla nəşr olunur və qısa bir zamanda bestsellerə çevrilir. Uzun illər bu povest ədəbsiz səhnələrin yer aldığı bəhanəsiylə qadağan olunub. Amma əslində səbəb tamam başqaydı. Volter bu əsərdə öz dövrünün alimlərini, dramaturqlarını, yazıçılarını kəskin sarkazmla dolayır. Əsərdə adları keçən filosoflar, naşirlər vaxtilə Volterin maarifçi ideyalarına qarşı çıxmış adamlardır. Zaman Volterin haqlı olduğunu göstərdi. Kral onun yazdığı əsərə qadağa qoyanda Volter yazdı: “Mənim sənətim düşündüyümü yazmaqdır. Mən də müəllifəm və krala əks düşərgədəyəm, mənim əlimdə olan isə hökmdar çubuğu deyil, qələmdir”.

“Kandid” insanın necə yaşaması haqqında ən dürüst, mükəmməl əsərlərdən biridir. Bu kiçik povestdə həyatın bütün suallarına cavab tapmaq mümkündür. Monarxiya quruluşunun bütün eybəcərlikləri bu əsərdə təsvir olunub. Kandid sözünün mənası fransız dilində “açıqürəkli”, “səmimi” deməkdir. Kandidin başına gələn bütün bəlaların səbəbi onun açıqürəkli, sadəlövh olmasındadır, o, hamıya inanır və hər dəfə də insanlar tərəfindən aldadılır. Eldorado ölkəsindən gətirdiyi bütün var-dövləti əlindən çıxır. Kandid Vestfaliyada baronun qızı Kunikundanı sevdiyinə görə onun atası tərəfindən ölkədən qovulandan sonra bolqarların əlinə keçir, başına çoxlu müsibətlər gəlir. Mərakeşə gəlib çatanda isə qan su yerinə axırdı. Volter yazır ki, Mərakeş kralının əlli oğlundan hərəsi başına bir qoşun toplayıb bir-birini qırırdı və bu qana susamış yırtıcılar hər gün beş rükət namaz qılmaqlarından da qalmırdılar. Bu adamlar bir-birinin qanını içirlər, amma utanmadan, heç bir vicdan ağrısı keçirmədən dini ayinləri icra edirlər. Paradoksdur. Əsərin süjetini yazmaq fikrim yoxdur, oxucu bir neçə saatını bu kitaba sərf etsə, əminəm ki, çox böyük zövq alacaq. Məqsədim Volterin ötürdüyü mesajlara diqqəti yönəltməkdir.

Eldorado ölkəsində Kandid və onun qulluqçusu yüz yetmiş iki yaşlı bir qocayla rastlaşırlar, onların arasında belə bir dialoq yaşanır. Qocadan bu ölkədə dinin olub-olmadığını soruşurlar. Qoca cavabında deyir: Bizim ölkədə dinin ola bilməyəcəyi sizin hardan ağlınıza gəlib? Kandid soruşur ki, onlar hansı dinə inanırlar? Qocanın cavabı: Bu yer üzündə iki bir-birindən ayrı din ola bilərmi? Biz də bir olan Tanrıya inanırıq. Daha sonra deyir ki, Tanrıya dua edərkən biz ondan heç nə istəmirik, ondan nəsə istəməyə ehtiyacımız yoxdur, nə gərəksə hamısını O, bizə verib. Biz ancaq ona sayğılarımızı bildirməklə yetinirik. Bu ölkənin bütün insanları ruhanidir. Volterin təsvir etdiyi Eldorado ölkəsinin insanları fanatizmin əsiri deyillər. Volter bu hadisəni yazmaqla əslində insanla Tanrı arasındakı münasibəti belə görmək arzusunu ifadə edir. 

Volter Fransada aktrisaların dünyasını dəyişdikdən sonra zibillikdə dəfn olunduğunu da qabardır. Çünki kilsə başçıları onların kilsə qəbristanlığında basdırılmasına izn vermirdi. Əsərdə XVIII əsr Fransası kəskin tənqid olunur, əsərin bəzi hissələrində hətta fransızlara qarşı təhqiramiz ifadələr də işlədilib. Yazıçı Kandidin dilindən belə deyir: Mən bu Avropanın harasına getdimsə, ancaq qanmaz ayılar gördüm”. Baronun qulluqçusu olmuş Paketa günahlarının bağışlanması üçün keşişin yanına gedir, keşişsə onu yoldan çıxarıb yatağına salır. Düşünürsən ki, müəllif bu qədər eybəcərlikləri kiçik bir əsərə necə sığışdıra bilib?

Kandid Kuniqundanı axtarmaq üçün çıxdığı səfərdə altı devrilmiş kralla bir süfrə arxasında şam etməli olur və onların söhbətlərindən bu nəticəyə gəlir ki, bu dünyada taxt-taclarını itirmiş qaragünlü kralların sayı ağgünlülərin sayından qat-qat çoxdur. Volter sadə həqiqətləri ibrətamiz formada oxucuya çatdırır.  Sadə həqiqət nədən ibarətdir? Sonda öz Kuniqundasına qovuşan Kandid və onun dostları çox adlı-sanlı bir türk dərvişinin yanına gəlib ondan soruşurlar:

-Ey böyük filosof, biz sənin yanına gəlmişik ki, soruşaq: insan adlanan bu qəribə heyvan nə üçün yaradılıb?

Dərviş deyir: Bundan sizə nə? Bunun sizə bir isti-soyuğu varmı?

Kandid dərvişdən soruşur:

-Ey müqəddəs ata, yer üzündəki yamanlıqlar niyə bu qədər çoxdur?

Dərviş cavab verir: Nə olsun ki, yamanlıqlar çoxdur? Yer üzündə yaxşılığınmı, yamanlığınmı çox olmasının sənin üçün bir önəmi varmı?

Soruşurlar ki, bəs onda biz nə edək? Dərviş deyir heç nə, gedin oturun yerinizdə.

Geri qayıdanda bir qocaya rast gəlirlər, axtardıqları həqiqəti qocanın həyat tərzində tapırlar. Qoca deyir mənim yeddi hektara yaxın yerim var, bütün ömrümü övladlarımla bu torpağı əkib-becərməyə sərf etmişəm. İş-güc bizim yaxamızı üç böyük yamanlıqdan qurtarır – darıxmaqdan, asılılıqdan, bir də korluq çəkməkdən.

Volterin fikrincə, yaşamın ən qısa formulu budur: Hər kəs öz bağını əkib-becərməlidir. Yaşaya bilmək üçün bundan başqa yolumuz yoxdur.