Bu şəxslər valideynlik hüququndan məhrum oluna bilər

bu-sexsler-valideynlik-huququndan-mehrum-oluna-biler
Oxunma sayı: 4056


Vəkillər Kollegiyasının üzvü Sadiq Əfəndiyevin "Qafqazinfo"ya müsahibəsi

- Azərbaycanda nikah nə zaman etibarsız sayılır?

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 10-12 və 13.3-cü maddələrinə uyğun olaraq nikah aşağıdakı hallarda məhkəmə qaydasında etibarsız sayıla bilər: 

1) ər və ya arvad nikah yaşına (18 yaş) çatmadıqda;

2) nikahın bağlanması üçün ər və ya arvadın yazılı razılığı olmadıqda;

3) yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər arasında yaxud ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahbağlandıqda;

4)ikisindən biri və ya hər ikisi psixi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikah bağlandıqda; 

5) tərəflərdən biri və ya hər ikisi başqası ilə nikahda olduqda;      

6) nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (İİV infeksiyasının) olmasını o birindən gizlətdikdə;                                                  7) nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda.

- Əgər ananın nikaha yaşı çatmırsa, övlad dünyaya gətirirsə ərinin soyadı ona verilə bilər? 

- Qüvvədə olan ailə qanunvericiliyinə görə valideynlərin yetkinlik yaşına çatmaması doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeydin, o cümlədən uşağın soyadı kimi atasının soyadının yazılmasına mane olmur.  

- Əgər qadın evli olduğu müddətdə ərinin yaşadığı evdə qeydiyyatda deyilsə, boşanarkən o evə iddia irəli  sürə bilər?

- Burda müəyyənləşdirilməlidir ki, qadını evə dair hansı iddia maraqlandırır?Adətən bu cür iddiaların predmetini mənzilə birgə mülkiyyət hüququnun tanınması və yaxud mənzildən istifadə hüququnun tanınması tələbləri təşkil edir. Hər bir halda bu tələblərin irəli sürülməsi üçün qadının mənzildə qeydiyyatda olub olmaması hüquqi əhəmiyyət kəsb etmir. Burada əsas məsələ mübahisəli mənzilin nikah dövründə ümumi vəsait hesabına əldə edilib edilməməsi yaxud həmin mənzilə mülkiyyət hüququnun ərin adına qeydiyyata alınıb alınmamasıdır.

- Uşaq neçə yaşından sonra özü məhkəməyə müraciət edib ata və ya anası ilə birgə yaşamağı seçə bilər?

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, nikahın pozulması zamanı məhkəmənin həll etməli olduğu əsas məsələlərdən biri də boşanmadan sonra uşağın yaşayış yerinin müəyyən edilməsidir. Məhkəmə bu məsələni həll edərkən uşağın öz fikrini bildirmək hüququnu təsbit etmiş adı çəkilən Məcəllənin 52-ci maddəsinin tələblərinə riayət etməlidir. Həmin maddənin tələblərinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bidirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Ailə Məcəlləsinin 51.5-ci maddəsinin ifadə etdiyi mənaya görə uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaşından asılı olmayaraq istənilən vaxt qəyyumluq və himayə orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər.

- Azərbaycanda nə zaman valideynlik hüququndan kimsə məhrum oluna bilər?

- Valideynlik hüquqlarından məhrum etmənin əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində sadalanmışdır. Belə ki, valideynlər yaxud onlardan biri valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

1) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

2) alimenti qəsdən ödəmədikdə;

3) heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

4) valideynlik hüquqlarından sui-istifadə etdikdə;

5)uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

6)xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

7)uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.