Biz kimik: Şiə, Sünnü, Vəhabi ya Nurçu?

biz-kimik-sie-sunnu-vehabi-ya-nurcu
Oxunma sayı: 6672


Təriqətlərin Azərbaycanda gizli savaş aparmaları barədə bir yazı yazmışdıq. Gileylənənlər, hədyan deyənlər oldu. Doğrusu bir əməlli-başlı “niyə” də eşitmədik. Demişdik ki, hakimiyyət uğrunda istənilən gizli savaş yolverilməzdir, demokratiyaya və hüquqa ziddir. Cəmiyyətdə siyasi proseslər açıq və şəffaf olmayanda təhlükəli hadisələr baş verir.

Deyəsən arqumentlər yetərli olmadı və bu üzdən məsələnin başqa tərəflərinə də qısaca toxunmağa ehtiyac hiss etdik.

Hər bir dövlətin təməlində hansısa ümumi ideyalar, dəyərlər sistemi dayanır və millət-dövlət öz varlığında, fəaliyyətində ona borclu olur, ona söykənir. Həmin ideyalar, dəyərlər milli kimliyi müəyyənləşdirir. Milli kimliyini tanımayan xalqlar hələ millət ola bilməyənlərdir və onun təhlükəsizliyi daxildən hər zaman təhdid olunur. Belə toplumları parçalamaq, dağıtmaq, vətəndaş müharibəsinə sürükləmək çətin deyil. Səbəb sadədir -  vətəndaşları bir-birinə bağlayan əsas bağlar yoxdur, insan kim olduğunu ya bilmir, ya da düzgün bilmir. Azərbaycan nümunəsində məsələni bir qədər də sadələşdirək və ixtiyari bir soydaşımıza sual verək: sən kimsən?

İndi isə eşidəcəyimiz  cavabların təxmini siyahısına nəzər salaq:

- Azərbaycanlı; Türk; Azəri; Müsəlman; Şiə; Sünnü; Vəhabi; Nurçu və s.

Hələ milli şüurun formalaşa bilmədiyi, milli kimliyin aydınlaşmadığı, kifayət qədər yaşıl bir toplum üçün bu qədər kimliklər təhlükəli deyilmi? (İçəridə tarixən az olanlar yetmədi, gündə biri də kənardan gəlir). Bu qədər fərqli və ziddiyyətli, bəzi hallarda antoqonist ideyalar, dəyərlər  sisteminin mövcud olduğu bir toplumda milli kimlik şüuru formalaşa bilərmi? Dini məfkurə, təriqət məfkurəsi (İslamda dini kimlik varsa bir qayda olaraq konkret təriqət kimliyi var) milli məfkurənin formalaşmasına imkan verərmi? Onsuz da Azərbaycanda kimliklərin ünvanı az deyil və çeşidli kimliklər vahidin, bir kimliyin yaranmasına imkan vermir.  Bəlkə tək kimlik şüuruna ehtiyac yoxdur? O zaman millət də olmur  axı. Türklüyü yaxına buraxmadıq, hətta ələ salanlar da oldu.  Pəki... Amma onun fövqünə gətirilən, üstün dəyər, ideya kimi  ön plana çəkilən Azərbaycançılıq da yaddan çıxıb. Bəlkə həyatda özünü doğrultmadı? 

Biz kimik? Özünü dərk etmək istəyən Azərbaycan yeniyetməsi indi bu suala hansı cavabı versin? Onu hansı ideyalar, dəyərlər tərbiyə etsin? Hamımız üçün məqbul, zəruri, faydalı olan bir neçəsinin adını sadalayın, lütfən. 

Mənim də babalarım 500 ildən çoxdur Nəqşibəndi olub. Övladlarımı bu dəyərlərləmi tərbiyə edim?