Anar müəllimdən lətifələr

anar-muellimden-letifeler
Oxunma sayı: 2525



Bu dəfə qərar gəldim ki, hörmətli Anar müəllimlə bağlı ədəbi cameədə dolaşan lətifələrin bir neçəsini təqdim edim oxuculara. Maraqlı gələcək...


***


Gənc yazarların əsərlərinin və sosial vəziyyətinin müzakirəsi ilə bağlı tədbirdə Anar müəllim oturduğu yerdəcə yuxulayır. Yanında əyləşən Fikrət Qoca onu dümsükləyib oyadır.

Anar:

- Nə olub, Fiki, bəyəm sən iclaslarda yatmırsan?
Fikrət Qoca:
- Yatıram amma xoruldamıram...

 ***

 Vaiqf Səmədoğlu bir mey məclisində içib keflənəndən sonra üzünü Anara tutur:
- Anar, deyirlər, atamla atanın düşmənçiliyi bizim dostluğumuzdan daha səmimi imiş. Doğrudurmu görən?
Anar:
- Eh, Vaqulya, sənə yüz dəfə demişəm ki, mənə belə çətin suallar vermə.

 ***

 Azərbaycan Yazıçılar Birliyinin mühafizəçisi hər gün dərsdən sonra birliyin qarşısında maşın yuyub çörəkpulu qazanan uşağa yaxınlaşıb vedrəsinə bir təpik ilişdirir:
- Rədd ol çıx get burdan! Bir daha görməyim səni!
Bir mühafizəçiyə, bir aşmış vedrəyə baxan uşaq nigarançılıqla soruşur:
- Axı niyə?  
Mühafizəçi:

- Dünən məktəbdə səndən 20-ci əsr şairlərini soruşublar, Rəsul Rzanın adını çəkməmisən... Bunu da Anar müəllimə çatdırıblar!

***

 Bir gün Fikrət Qoca görür ki, Anar otağında bərkdən deyir:

- AYO! Qurultay! Gənclik! İstefa!
Fikrət cəld özünü içəri təpir və əqidə dostunun qoluna girir:
- Anar müəllim, siz nə edirsiniz? Siz bilirsinizmi necə təhlükəli sözlər işlədirsiniz?
Anar müəllim həyəcanla:
- Dünən dəhşətli bir günah eləmişəm. Özümü cəzalandırıram!

 ***

 “Ulduz” jurnalından çıxarılıb “Qobustan”a təyin edilən Ələkbər Salahzadə Anar müəllimlə rastlaşır, salam vermir, damağında siqaret tüstülədə-tüstülədə qəzəblə yanından keçmək istəyir.
Anar:
- Ey Prometey Ələkbər! Nə olub sənə? Niyə salamsız-kalamsız tüstüləyirsən? Olmaya od oğurlayırsan?
Ələkbər müəllim Anarın gözərən qəlyanına baxaraq cavab verir:
- Ey ildırımsaçan Zevs! Məni “Qobustan”a zəncirləyəndə bilmirdinmi ki, Prometey kimi tüstüləyəcəm?!

 ***

 Anar müəllim səhər durur, səliqə ilə geyinir, qalstukunu taxır və Milli Məclisə yollanır. Xidməti qapıdan içəri keçmək istəyəndə mühafizəçi qarşısını kəsir:
- Müəllim, bununla düz onuncu dəfədir gəlirsiniz və mən sizi geri qaytarmalı oluram. Birdəfəlik qəbul edin və barışın: bu dəfə seçməyiblər sizi!

 ***

 Anar müəllimin müstəqilliyimizin 20 illiyindəki çıxışı:
- Mən AYB-dəki kabinetimə girəndə hələ SSRİ dağılmamışdı. İndi ilk dəfə bayıra çıxdım, müstəqilliyin 20 illiyinə rast gəldim... Maşallah, nə qədər iş görmüsünüz!

 ***

 Bir qadın hansısa tədbirdə Anar müəllimi məktəbli qızına göstərir:
- Bax bu Anar müəllimdir! Bizim böyük yazıçımız, böyük ziyalımız!
Məktəbli qız:
- Ana, doğrudur ki, Anar müəllim 22 il AYB sədri olub...
Qadın çaşır:
- Qızım, yavaş, eşidər, yaxşı düşməz.
- Niyə ki? Bəyəm özü bilmir?

 ***

 Dayandur Sevgin səhər-səhər Anarın otağına girir:
- Anar müəllim, bir əmriniz var?
- Var, amma sənə verib korlamaq istəmirəm...

 ***

 Anarla Fikirət Qocanın söhbəti:
- Fiki, bu cavanlar bizə niyə nifrət edir?
- Biz onları çox sevirik ona görə...
Gülüşürlər.

 ***

 Hələ sovet vaxtı bir yazıçı mənzil problemi ilə bağlı Anarın yanına gəlir:
- Anar müəllim, evim yoxdur, uşaqlar da böyüyür, qalmışıq küçələrdə, xahiş edirəm məni mənzil növbəsinə salasınız.
Anar:
- Yaxşı, ev telefonunu qoy, səni axtararıq.

 ***

 Ermənilər AYB-ni alır, hamını öldürürlər. Bircə Anar müəllimə toxunmurlar. Otağında var-gəl edə-edə onu sorğu-suala tuturlar. Komandir həyəcandan əlləri əsən, rəngi qaçan yazıçıya yaxınlaşaraq deyir:
- Siz hörmətli adamsınız, şəxsən mən sizin əsərlərinizi oxumuşam və sevmişəm. Sizə toxunmarıq, niyə həyəcanlanırsınız ki?!
Anar müəllim çətinliklə bunları deyə bilir:
- Mənə düzünü deyin, içinizdə AYO-çu yoxdur ki?