Sevgi, nifrət, qəzəb, ehtiras, qorxu...
Bütün bunlar ən çox insanın gözlərində özünü göstərir. Həmin gözlər ki, onların ifadəsi, bəzən böyük intriqalara, təxribatlara səbəb olur. Bəzən də böyük pullar qazandırır.
Qeyri-adi dəst-xətti ilə hər zaman diqqət mərkəzində olmağı bacaran rejisor Tim Börtonun (Tim Burton) bu qədər realist və insana çox doğma gələn bir filmini izləməmişdim indiyə qədər. “İri gözlər” (“Big Eyes”) filmi. Börton bu işi ilə izləyicilərini təəccübləndirdi.
Mənə ona görə doğma gəldi ki, mən də rəssam nəvəsiyəm və babamın rəsm əsərinə hansı aspektlərdən qiymət verdiyini az-çox bilirəm.
Amma indi sizə rəsm əsəri yox, ekran əsərindən danışacağam. Film rəssam bir qadın və onun fırıldaqçı əri ilə olan münasibətlərdən bəhs edir. İlkin baxışda onların evliliyi iki sənət insanının qarşılıqlı anlayışı kimi görünsə də, tədricən ortaya çıxır ki, qadın gerçək səntkar, əri isə peşəkar dələduzdur.
Xanım rəssam Marqaret Kin (Margaret Keane) iri gözləri olan balaca uşaq şəkilləri çəkir. Bu onun tərzidir, məktəbdir. Uolter Kin (Walter Keane) isə həmin əsərlərin saxta müəllifidir. Arvadının çəkdiyi əsərləri özününkü kimi təqdim edən və bununla da dünya şöhrəti qazanan dələduz, əməllərinə görə heç vaxt cavab verəcəyini düşünmür. Lakin haqq ədalət gec də olsa, yerini tapır.
Bütün dünyanın diqqətini bu şəkillərə yönəldən isə həmin “iri gözlər”dir. Qadın rəssam təsvir etdiyi uşaqların gözlərində sevgini də, nifrəti, qorxunu da ifadə edə bilir. Çünki gözlərin ürəklə sıx əlaqəsinə inanır. Hətta özünün də hisslərini gözlərindən anlamaq mümkündür. Güzgüyə baxanda bəzən “iri gözlər”i özündə görür. Bu, yəqin ki, təsadüf deyil.
Göz həm də bir baxışdır, müşahidədir. Məncə, Tim Börtonun “İri Gözləri” izləyiciyə həm də “Diqqətli baxın!” və ya “Sizi də izləyən var!” mesajını vermək istəyir. Bəzən adama elə gəlir ki, fırıldaqçı əri o “böyük baxışlar”ın ahı tutur.
Aktrisa Emi Adams (Amy Adams) rolunun öhdəsindən artıqlamasıyla gəlib. Amma bir nüansı mütləq qeyd etməliyəm. “Komediya və Myüzkl janrında ən yaxşı aktrisa” nominasiyasında “Qızıl Qlobus” alan Adams necə olur ki, “Oscar”a namizəd belə göstərilmir. Anlaşılmazdır.
Avstriyalı aktyor Kristof Valts isə ənənəvi içinə qapanıq obrazlardan fərqli olaraq, bu dəfə daha hay-kül bir simada çıxış edir. O qədər də xoşuma gəlmədi.
Film əsas San-Fransiskoda və Havay adalarında lentə alınıb. Baş rollarda əvvəlcə Riiz Uizerspun (Reese Witherspoon) və Ryan Reynoldsun çəkilməsi nəzərdə tutulsa da, daha sonra rejissor seçimini dəyişib. Səbəbi məlum deyil.
Film təxminən 100 dəqiqədir. Bir dəqiqə belə darxıdırmır. Vaxt tapıb izləyin.

Son xəbərlər
Son Xəbərlər