Qızlarla tanış olmaq

qizlarla-tanis-olmaq
Oxunma sayı: 3771

Mənzərəyə baxın: “Süt barmaqlı” qızların əllərində kitab görürsən, yanında dayanmış oğlanlardan məsləhət alırlar, kitabla bağlı nəyisə xatırlayıb gülürlər. Yaxud, oğlanlar kitaba baxmaq üçün qızların çiyinləri üstündən boylanırlar, kitabçün bir-birinin ayağını tapdayıb üzr istəyirlər. Gənclər az qala bütün pullarına kitab alırlar, hələ pulları çatmayan saysız kitablarda gözləri qalır, evlərinə “gələn dəfə alaram” nigaranlığı ilə gedirlər. Hətta Şahbaz bəyi “tez-tez niyə belə yarmarkalar keçirmirsiz” deyə qınayanlar da olur.

Burda bir-birini ilk dəfə görmüş qız-oğlanları tanış olması halları ilə də rastlaşırdım. Ən gözəl mənzərə bu idi: Kitab haqda soruşub, sonra kitabdan, müəllifdən danışıb, hansı universitetdə oxumağa keçib, ad soruşmağa, facebook profilini öyrənməyə qədər gedib çıxan səmimi münasibətlər görmək olurdu. Hətta aldığı kitabları müzakirə etmək üçün çaya dəvət olunanlar da var idi. Gözəl haldır, qızlarla oğlanları kitab tanış edir, kitab yaxınlaşdırır bir-birinə. Gəlcəkdə qurulacaq intellektual ailələrin əsasını qoyur, bəlkə də bu cür kitab yarmarkaları, bəlkə də əbədi dostluqların. Kitab yarmarkası qızla tanış olmaq üçün ən gözəl yerdir.

Bizdə evlənmək istəyəndə ya bir dəstə qız şəklini gətirib adamın qarşısına tökürlər ki, al bax, seç, ya qızı görmək üçün ala-səydəş toylara göndərirlər adamı, ya da qohum-qonşudakı qızları sadalayırlar. Əslində, savadlı və yaradıcı adamı başa düşmək üçün mütləq dünyanın ailədən yox, ölkələrdən, mədəniyyətlərdən, kitablardan ibarət olduğunu qanan xanımlar lazımdır. Bu cür qız və oğlanların yerinisə belə intellektual məkanlar nişan verir. Bu cür kitab yarmarkaları inanıram kitab satış ilə yanaşı, gələcəkdə qurulacaq savadlı ailələr üçün də böyük xidmətdir.