“Sevgilim, qolunu boynuma dola!” – Səməd Vurğun

sevgilim-qolunu-boynuma-dola-semed-vurgun-
Oxunma sayı: 14431



Ala Gözlər

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə;
Qələm qaş altında piyalə gözlər!

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi, bütün aləmi.
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir, can sirdaşımdan.
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər!

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa!
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər!

Mən tələsmirəm

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

***

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən – dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

***

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?

Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.

Mənim də şair tək qanım qaynardır,
Yerdə arzularım gül açır rəng-rəng.
Başımda daima fikirlər vardır,
Daima döyünür sinəmdə ürək,
Yerdə arzularım gül açır rəng-rəng.

Sükuta düşmənsən əzəldən sən də,
Nə yatır, nə də bir sakit olursan.
Çöllərə min yaşıl xalı sərsən də,
Çarpışıb yağışla, boranla, qarla,
Qışın son nəfəsi qasırğalarla
Sən də döyüşlərdə yaşa dolursan,
Nə yatır, nə də bir sakit olursan.

Buludlar qoynunda çaxan şimşəyin,
Sivri qılınc kimi sıyrılır qından.
Tufan da qoparır bəzən küləyin,
Dağlara səs düşür qışqırığından.

Bahar, qoy suların gurhagur axsın,
Sinəmin üstündən keçsin sellərin.
Başımın üstündə şimşək də çaxsın,
Qoy tufan qoparsın əsən yellərin.

Doyunca çarpışıb qasırğalarla,
Göydə qartal kimi yorulum mən də.
Sonra qoşa yatıb dostum baharla,
Baş-başa dincəlim bir göy çəməndə.

Dən olub səpilək gəl səninlə mən,
Göyərək torpaqda sünbüllər kimi.
Qızlar gülab çəksin qoy ətrimizdən,
Baharın zinəti al güllər kimi.

Qoşa çinar olub bitək yol üstə,
Göylərə boy ataq öz ölkəmizdə.
Yayın istisində Muğanda, Mildə,
Yolçular dincəlsin qoy kölgəmizdə.

Ya da dağ döşündə qoşa qaynayan,
Ürək sərinlədən çeşmələr olaq.
Yerdə bulud-bulud axıb oynayan,
Sərin çaylar kimi axdıqca dolaq,
Ürək sərinlədən çeşmələr olaq.

Yer qazaq, su çəkək boz səhralara,
Daş yonaq, söz yazaq iti əl kimi,
Göyləri şimşək tək biz yara-yara,
Gəzək yer üzünü bir əməl kimi.

Bir cüt ala gözlü göyərçin olub,
Gəl, Yer kürrəsinin çiyninə qonaq.
Şeir tək dillənib, nəğmə tək ötüb,
Dildən-dilə düşək, əzbər oxunaq.

Bir cüt məşəl olsun ürəklərimiz,
Bir cüt ulduz kimi baş-başa yanaq.
Sülhün, səadətin keşiyində biz
Gəl qoşa dayanaq, qoşa da yanaq.

Min il ömür sürək səninlə qoşa,
Bir canda döyünən iki ürək tək.
Min il nəfəs verək torpağa, daşa,
Nəsildən-nəsilə təzələşərək.