“Aqrarkredit” QSC rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində yenilənmiş korporativ veb-saytını (www.aqrarkredit.az) və yeni Əmlak Portalını (www.emlak.aqrarkredit.az ) istifadəyə verib.
“Qafqazinfo” xəbər verir ki, müasir tələblərə uyğun olaraq yenilənən korporativ veb-sayt istifadəçilərə Cəmiyyətin fəaliyyəti, məhsul və xidmətləri, layihələri, elanları və digər məlumatlarla daha rahat tanış olmaq imkanı yaradır.
Yenilənmiş platforma funksionallığı, istifadəçi yönümlü dizaynı və məlumatların daha əlçatan formada təqdim edilməsi ilə seçilir. Saytın yenilənməsi məlumatların daha əlçatan və rahat şəkildə təqdim olunmasına, istifadəçilərin axtardıqları informasiyanı daha operativ əldə etməsinə xidmət edir.
Yenilənmiş veb-sayt çərçivəsində istifadəyə verilən yeniliklərdən biri də aqrarkredit əmlak portalıdır.
Aktivlərin idarə olunması və satış prosesinin daha effektiv şəkildə təşkili məqsədilə yaradılan portal borc öhdəliklərinin icrası nəticəsində Cəmiyyətin balansına keçmiş daşınar və daşınmaz əmlakların vahid elektron platformada təqdim olunmasını təmin edir. Bununla istifadəçilər satışa çıxarılan aktivlərin texniki xüsusiyyətləri, yerləşdiyi ərazi və digər vacib göstəriciləri barədə ətraflı məlumat əldə etmək imkanına malikdirlər.
Platformada fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış obyektləri, torpaq sahələri, qarajlar və nəqliyyat vasitələri üzrə elanlar yerləşdirilir.
Yeni portalın yaradılmasında əsas məqsəd balansda olan aktivlərin yenidən iqtisadi dövriyyəyə cəlb olunması, vətəndaşlar və investorlar üçün etibarlı, şəffaf və hüquqi baxımdan təminatlı satış mühitinin formalaşdırılmasıdır.


Son xəbərlər
Son Xəbərlər