Finlandiya Ukrayna dronlarını vurmağa hazır olub

finlandiya-ukrayna-dronlarini-vurmaga-hazir-olub
Oxunma sayı: 473

Finlandiya kəşfiyyatı Ukraynanın ötən gün Sankt-Peterburqa həyata keçirdiyi dron hücumu barədə məlumatlı olub.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiyanın müdafiə naziri Antti Hakkanen açıqlayıb. 

O, həmçinin Finlandiyanın hava məkanını pozacaq pilotsuz uçuş aparatlarını (PUA) vurmağa hazır olduqlarını diqqətə çatdırıb.

“Hansı kəşfiyyat sistemlərindən və digər üsullardan istifadə etdiyimiz barədə təfərrüata varmaq istəmirəm, amma bizim bu barədə (dron hücumu – red.) məlumatımız var idi və kifayət qədər hazırlıqlı idik”, - nazir deyib. 

Hakkanen ölkənin hava məkanını poza biləcək dronları vurmaq üçün donanmanın da döyüş hazırlığı vəziyyətinə gətirildiyini əlavə edib.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu onlarla pilotsuz uçuş aparatı ilə Rusiyanın Sankt-Peterburq şəhərinə hücum edib. Nəticədə şəhərdə neft terminalında güclü yanğın qeydə alınıb. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.