Biz onda hələ ən böyük idealı ali məktəbdə təhsil almaq istəyən yeniyetmələr idik, indi isə Hamletin məhşur “olum və ölüm” kəlamının arasında vurnuxaraq həyatda özünə yer etmək istəyənlərik... Sən demə, dünya bizim istədiyimiz kimi olmayacaqmış, bizi istədiyi kimi edəcəkmiş və hər şey bitəndən sonra, biz olanlara bircə ad verməyə məcbur olacaqmışıq – TALE. Oğlanlar hərbi xidmətə və tələbəlik həyatına atılacaq, qızların bəziləri təhsilini davam etdirəcək, yerdə qalanlarda “ƏRSTAN”a gedəcəklərmiş... Sən demə, adamları şəkil kimi ürəyindən asmalı olacaqsanmış, amma şəklə belə baxmağa bəzən vaxtın olmayacaqmış... Onları itirməmək üçün telefona qeyd etdiyin nömrələrdən aylarla zəng gəlməyəcək, adamlara olan sevgin ürəyində işlənməməkdən paslanacaqmış... Bir səhər kimisə yuxunda görüb məktəb illərini xatırlayacağıqmış. Bütün bunlar onun izahıdır ki, yuxular gündüzün əlçatmazlığına qovuşmaqdır. Amma həyat yuxu qədər şirin deyil... Təəssüf... Qızlar uşaqlarına sevdiyi oğlanların adını qoyacaqmış, oğlanlar şəhərin tozuna bulanacaqmış, sən demə. Təzə dostlar tapanlar köhnələri unudacaq, köhnə yaraların da yeri ağrımayacaqmış. Hərə öz problemlərinin “at”ına minib uzaqlaşacaqmış dərdlərinin yanına... Göyə baxıb göyü, yerə baxıb torpağı görməyə gözümüz olmayacaqmış... Qızlara içdiyimiz andlar, qızların verdiyi sözlər, qurduğu xəyallar kurqanlar, qəbirlər kimi ürəyimizi qazarkən hərdən üzə çıxacaqmış... Amma nə yaxşı ki, köhnə qəbirlərə ağlayan tapılmır heç vaxt... Hər il son zəng çalınacaq və hər il eyni doğrular müxtəlif adamların dilində yalanlaşacaqmış... Səhər şirinçayı daha tələsik içilir, ali məktəbin yalanları da daha “ALİ” olurmuş; orta məktəbin nişanlanmaq vədləri burda evliliyə qədər yüksəlirmiş. İllər bizi yaşatmaq üçün deyil, illər bizi qurtarmaq, tükəndirmək üçündür... Məktəbi... universiteti... ömrü... Hərdən əlinə köhnə şəkillər düşür. Kədərlidir: şəkillərdən və xatirələrdən özgə heç nə yoxdur... Hardadır iki alıb cırdığın gündəlik vərəqləri, çəkə bilmədiyin şəkillərin cızma-qarası, müəllimlərin imzaları. ... indi yolda qocalan, dəyişən müəllimləri görəndə adam dəhşətə gəlir. Dünya boyda da cəhənnəm olar? Məktəbin dəyişən otaqlarını, təzə müəllimləri, təmirli dəhlizləri görməyə adamın gözü gəlmir. İnsana elə gəlir ki, ustalar bizim xatirələrimizi divarlardan qazıyıblar, ləpirlərimizi döşəmədən mismar kimi çıxardıblar. Bütün bunlardan sonra təsdiq etməli olursan ki, yenilik həm də köhnəliyə xəyanətdir.... “Ərstan”da olan qızlar, rəfiqələrindən daha dərs yerini yox, təzə uşaq yeməklərinin adlarını soruşurlar. Dünya fırlanır və hər dəfə bir az da fərqli çıxır adamın qarşısına... Hər şeyin bu qədər dəyişdiyini anlayanda başa düşürsən ki, dünya boyda dünyada özün boyda təksən. O gün son zəng köynəyimin üstündəki yazıları oxuyuram. Sinif yoldaşlarım, dostlarım, müəllimlərim arzularını yazıblar. Hətta son zəng günü dükana girəndə köynəyimi yazılı görən dükandır da yazıb. “Fərid, sənə uzun ömür, can sağlığı arzulayıram”. (Alim Məmmədov – sinif yoldaşım). “Fərid sənə həyatda uğurlar”. (Baloğlanov Zərbalı – sinif rəhbəri) və s... Həmin gecə köynəyimə özüm də bir neçə cümlə yazmışam. “Həyat bir oyundur: Hər kəsin öz rolu var. Ssenarini Allah yazır. Bir gün necə olur-olsun, ən böyük adamlardan olacam. Mənə edilənlərin qarşılığını mən, mənim etdiklərimin cavabını Allah verəcək. Bu gün məktəbdən ayrıldım, acılı şirinli xatirəsi ilə. Təbii ki, sinif yoldaşlarımdan – Fərhaddan, Rövşəndən, Raqifdən, Aynurdan, Fəriddən eləcə də Könül, Firəngiz, Vəfa, Ələkbər müəllimdən darıxacağam. Əlvida bu məktəbdə yaşadığım illərə, aylara, eşqlərə, davalara.” İndi illlər əvvəl yazılmış bu Otello monoloquna bənzər cümlələrə baxanda gülürəm. O ideallar, o xəyallar necə də bəsit və maraqlıdır. Bu ötən illərdə nələr olub, nələr görmüşəm, müşahidələrim, qənaətlərim, nəticələrim, səhvlərim və s... Səhvlərim mənə səhv etdiyimi öyrədib. Amma yenə də içimdə həmin oğlan – həmin “Otello” yaşayır. Amma daha həmin monoloq yoxdur. Bəlkə də həmin “Otello” daha xoşbəxt idi. Bəlkə də...