Dodaqları silikonlu ananın oğlu...

-dodaqlari-silikonlu-ananin-oglu
Oxunma sayı: 5015


Xalam qızına elçi gəlmişdi. Qızın könlü olsa da ata-ana bu izdivaca qarşı çıxdı. Səbəb maraqlıydı. Oğlanın anası dodaqlarını çox şişirdibmiş, qaşlarının tatuajı əndazədən çıxıbmış və s. Xalamın əri daş atıb başını tutdu ki, mən o qadınla qohum olmaram, utanaram ona “quda” deməkdən. Qız da iki ayağını bir başmağa dirəmədi. Xeyir-duasız ərə getmədi. Ürəyinə daş basdı. Anasına gücü çatmayan oğul isə bu ayrılığa dözə bilməyib tərk etdi ölkəni... 

Klişe bir giley var: “Eyni qaş, eyni burun, eyni dodaq.” Bu, qeybət deyil. Adamlar sünilikdən bezir. Çox vaxt iyrənir. Uğursuz, yaxud əndazəsini aşmış plastik əməliyyatlara münasibət kəskindi. İkrahla baxırlar. Göründüyü kimi, hətta qız da vermirlər dodaqları dozadan artıq silikonlu ananın oğluna.

Elə tv aparıcıları var ki, uğursuz rinoplastikadan sonra qripə yoluxubmuş kimi burnunda danışır. Tamaşaçı əsəb keçirir onların danışığından. 

Gözlər, gözəllik görmək, sevinmək istəyir. Amma bəzən ürəklər bulanır. Həkimlər günahkardı, ya adamlar-bu, başqa söhbətin mövzusudu.

Bir həkim-kosmetoloq danışırdı: “Gözəl görünmək üçün əvvəlcə gözəlliyin mahiyyətini dərk etmək lazımdı. Kim özünü necə görmək istəyir, plastik müdaxilə nəticəsində o cür də görür. Bu, artıq həm də zövq, dünyagörüşü məsələsidi. Təbiiliyi saxlamaq şərti ilə daha gözəl görünmək olur. Söhbət ondan gedir ki, davranış, gülüş, səmimiyyət kimi xarici görünüş də süniləşir. ” 

 *** 

Oskar Uayldın “Dorian Qreyin portreti”romanında Lord Henrinin mister Qreyə gözəllik haqda dediyi sözləri xatırladım. Həmin kosmetoloq da güman ki bunları izah etmək istəyirdi gözəllik haqda anlayışı olmayanlara: “Gözəllik dahinin görünüş formalarından biridir və mənə elə gəlir ki, o, dahilikdən də yüksəkdə durur; çünki gözəllik başa düşülmək, izahat tələb etmir. Bu, bizi əhatə edən aləmin ən nəhəng hadisəsi sayılan günəş işığı kimi bir şeydir; yaxud bahar fəslidir, tutqun suların üstünə düşən ayın gümüşü qalxanıdır; biz ona Ay deyirik. Gözəllik müzakirə olunmur. Onun ən yüksək hakimlik hüququ var və ona malik olan adamları kral edir.”