Həyat başdan-başa macəralarla doludur. Hər bir insanın həyatı bir romanın mövzusudur, milyonlarla öz romanını yaza bilməyən adamlar var. Axı hər kəsin yazıçı olmaq şansı yoxdur. Yaxın bir dostumla rayonlardan birinə səfər etmişdik, təbiətin sakitliyi, gözdən-könüldən uzaq olmağımız dostumu birdən-birə keçmiş illərə qaytardı. Əlli beş yaşı var, az yaş deyil. Kifayət qədər maraqlı və həm də əzablı bir ömür yaşayıb. Uzun illərdən bəri dostluğumuza baxmayaraq o, ilk dəfə bağ-bağatlı çayxanada, çay süfrəsi arxasında mənə öz həyatını danışmağa başladı. Səbrlə onu dinlədim. Sanki söhbətə qulaq asmırdım, bir-birini əvəz edən macəralarla dolu bir roman oxuyurdum. Sona qədər onun sözünü kəsmədim, o, sanki bu əhvalatları yenidən yaşayırmış kimi danışırdı. Mən də qeyri-ixtiyari bu hadisələrin şahidinə çevrilmişdim.
Aradan nə qədər vaxt keçdiyini bilmədim. O, söhbətini bitirmişdi, dərindən köks ötürüb bir siqaret yandırdı. Mən hələ də onun təsvir etdiyi uzaq keçmişdə qalmışdım. Yazıçı adamsan, nə vaxtsa əsərlərində bu danışdıqlarımdan istifadə edə bilərsən, dedi. Dinmədim. Amma düşünürəm ki, onun yaşadığı həyat doğrudan da yazılmağa layiqdir. İnsanın görünməyən tərəflərindən biri də onun yaşadığı həyatdır, bu həyatla tanış olandan sonra həmin insan haqqında tam təsəvvürümüz yaranır. Etiraf edim ki, mən dostumu bu söhbətdən sonra tam olaraq tanıdım.
Sözümün mabədini gətirim. Bu günlərdə yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanını oxudum. İndiyə qədər bu yazıçının cəmi bir hekayəsini oxumuşdum: “Əli metroda işləyir”. Bu hekayədə sadə və kədərli həyat həqiqətlərinin bir fraqmenti qələmə alınıb. Bu hekayə “Ədəbi Azadlıq” müsabiqəsində birinci yeri tutmuşdu. “Alın yazısı” isə mənə andeqraund ədəbiyyatının ünlü isimlərindən olan Çarlz Bukovskinin “Qadınlar” romanını xatırlatdı. “Qadınlar”ın qəhrəmanı gününü qadınlarla keçirən əyyaş bir yazıçıdır. “Alın yazısı”nın baş qəhrəmanı olan Edik isə yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb.
Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Biz oxucunun kitabdan uzaq düşdüyü bir dövrdə yaşayırıq. Bunun köklü səbəbləri var və bu barədə dəfələrlə yazmışam. Gəlin, bir məqama diqqət yetirək. Bizim bəzi yazıçılarımız oxucuya yuxarıdan aşağı baxır, özünü oxucudan yüksək tuturlar. Bu, çox ciddi yanlışlıqdır. Oxucu bu münasibəti görüncə heç vaxt həmin yazıçıların əsərlərini oxumayacaq. “Mən niyə oxucunun səviyyəsinə enməliyəm?” deyərək oxucunu səviyyəsiz adlandırıb sonra kitabının oxunmamasından şikayətlənmək nə dərəcədə məntiqəuyğundur? Yazıçı istənilən halda oxucu üçün yazır, sən oxucuya səviyyəsiz deyəcəksənsə, o, niyə sənin kitabını oxumalıdır? Sovet dövründə bizim yazıçıların əsərləri oxunurdu, o dövrün yazıçılarından heç biri oxucusu haqqında belə təhqiramiz ifadə işlətməmişdi. Şəxsən mən rast gəlməmişəm. Təbii ki, elitar ədəbiyyat elitar oxucu üçündür, bu tipli əsərlərin məhdud sayda oxucuları olur. Amma razılaşaq ki, böyük oxucu kütləsi həyatı əks etdirən əsərləri çox sevir, intertekstual, çoxqatlı mətnləri, dekonkstruksiya üzərində qurulan əsərləri qavramaqda, dərk etməkdə çətinlik çəkirlər. Bu tipli əsərlərdə hansı süjetin hardan qaynaqlandığını bilmək üçün mükəmməl filoloji təhsil almaq gərəkir. Bu, reallıqdır. Oxucuların hamısı filoloq deyil axı. Onların içində həkimindən, mühəndisindən tutmuş yol müfəttişinə, saatsazına qədər müxtəlif peşə sahibləri var. Mən bir saatsaz tanıyıram, köşkündə həmişə müxtəlif tarixi romanlar görərsiniz. Mütaliəni sevən adamdır.
7-ci mikrorayonda bir qəzet köşkü var, o qəzet köşkünün satıcısı sözün əsl mənasında kitab qurdudur. Arada yolum düşəndə ona baş çəkir, hal-əhval tuturam. Hər dəfə də mənə balaca köşkdə çay ikram edir, yanında da həmişə şirniyyatı olur. Bir dəfə ona baş çəkəndə əlində qalın, nəfis tərtibatlı bir kitab gördüm. Bu kitab görkəmli şərqşünas alim Aida İmanquliyevanın ərəb ədəbiyyatıyla bağlı kitabı idi. Kitabı əlimə alıb vərəqlədim, səhifələrin bəzilərinin kənarında qeydlər vardı. Adi qəzet satıcısının belə bir kitabı qeydlər apara-apara oxuması məni heyrətə gətirdi. Bir dəfə Knut Hamsunu oxuyan bir BOMJ haqqında yazı da yazmışdım. Yazıçı öz oxucusuna inanmalıdır, oxucuya yuxarıdan aşağı baxan təkəbbürlü yazıçıların məntiqi mənə çatmır. Bəzən elə oxucuyla rastlaşırsan ki, görürsən bu adamın səviyyəsi hansısa yazıçının intellektindən daha üstündür.
Eyvaz Zeynalov sadə, oxunaqlı, inandırıcı bir dildə yazır. “Alın yazısı” romanının çox maraqlı süjet xətti var. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır.
Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir, bu təsvirlər süni, qondarma təsir bağışlamır. Hansısa əsəri təhlil etməyi xoşlamıram, Eyvaz Zeynalovun “Alın yazısı” romanını oxumağı oxuculara tövsiyyə edirəm.