Fransada keçirilən xeyriyyə məqsədli lotereyada iştirak edən bir nəfər dünyaşöhrətli rəssam Pablo Pikassonun əsərinə sahib çıxaraq, incəsənət dünyasında diqqət çəkən hadisəyə imza atıb.
“Qafqazinfo”nun xəbərinə görə, qalib cəmi 100 avro ödəyərək, təxminən 1 milyon avro dəyərində qiymətləndirilən “Tête de Femme” (“Qadının başı”) əsərini qazanıb.
Lotereya Fransada Alzheimer xəstəliyi üzrə tədqiqatlara dəstək məqsədilə təşkil olunub. Tədbir çərçivəsində “100 avroya 1 Pikasso” adlı kampaniya ilə rəssamın məşhur əsərlərindən biri mükafat kimi təqdim edilib.
Təşkilatçılar bildiriblər ki, ümumilikdə təxminən 120 min bilet satılıb və əldə olunan gəlir tamamilə Alzheimer tədqiqatlarına yönəldiləcək.
Qalib Parisdə elan olunub. O, tək bir bilet alışı ilə yüksək dəyərə malik sənət əsərinin yeni sahibi olub.
Sözügedən əsərin Pablo Pikasso tərəfindən 1941-ci ildə yaradıldığı bildirilir və bu rəsm onun ən tanınmış işlərindən biri hesab olunur.
Son xəbərlər
Son Xəbərlər