“Bağlanmış müqavilədə artıq xərclərin aparılması nöqsanına 13 qurumda 30 halda yol verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib.
“Bu, cari nəzarətin gücləndirilməsini tələb edir. Satınalma müqavilələrinin şərtlərində, o cümlədən qiymətlərində dəyişiklik edilməsi kimi pozuntuların sayı ümumi pozuntuların sayının 1/3-nə bərabərdir. Xüsusi çəkisi kifayət qədər böyükdür. Bu isə sövdələşmə və digər risklərin mövcudluğunu göstərir.
Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır. 2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq olunmaqla keçirilmiş dövlət satınalmaları barədə məlumata əsasən, bir mənbə üzrə satınalmanın yalnız 2 faizində ehtimal olunan məbləğ hesablanıb”, - deyə V.Gülməmmədov qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər