30 dəqiqədən çox oturursunuzsa, bu xəbəri oxuyun!

30-deqiqeden-cox-oturursunuzsa-bu-xeberi-oxuyun
Oxunma sayı: 557

Yeni araşdırma göstərib ki, gün ərzində uzun müddət fasiləsiz oturmaq və ya uzanmaq xərçəngdən ölüm riskini artırır.

“Qafqazinfo”nun məlumatına görə, alimlər bildirirlər ki, hər 30 dəqiqədən bir ayağa qalxaraq, qısa gəzinti etmək və ya yüngül fiziki fəaliyyətlə məşğul olmaq belə bu riski azaltmağa kömək edə bilər.

Qlazqo Universitetinin tədqiqatçıları 91 mindən çox insanı orta hesabla 12 il ərzində izləyərək, onların gündəlik fiziki aktivlik səviyyəsini təhlil ediblər. “PLOS Medicine” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, oyaq vaxtda 30 dəqiqədən çox fasiləsiz oturmaq və ya uzanmaq xərçəngdən ölüm riskini artırır. Hərəkətsiz keçən hər əlavə saat isə bu riski təxminən 10 faiz yüksəldir.

Araşdırma göstərib ki, uzunmüddətli oturaq dövrlərin qısa fiziki fəaliyyətlə kəsilməsi sağlamlığa əhəmiyyətli müsbət təsir göstərir.

Tədqiqatın aparıcı müəllifi doktor Frederik Ho bildirib ki, mövcud sağlamlıq tövsiyələri, əsasən, orta və yüksək intensivlikli məşqlərə yönəlsə də, onların nəticələri yüngül fiziki fəaliyyətin də nəzərə alınmalı olduğunu göstərir.

Araşdırmaya əsasən, gündə bir saat oturaq fəaliyyəti ütü, qab yumaq kimi yüngül ev işləri ilə əvəz etmək xərçəngdən ölüm riskini 12 faiz azaldır. 30 dəqiqə oturmağı orta templə gəzinti ilə əvəz etmək riski 8 faiz azaldır. Cəmi beş dəqiqəlik intensiv fiziki fəaliyyət əlavə etmək isə riski 22 faiz aşağı sala bilər.

Alimlər qeyd edirlər ki, tədqiqat müşahidə xarakteri daşıdığı üçün səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmir. Bununla belə, nəticələr uzun müddət hərəkətsiz qalmağın azaldılması və gün ərzində müntəzəm hərəkət fasilələrinin verilməsinin sağlamlıq baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.