Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara - Cavab

dersliklerde-plagiat-metnlerle-bagli-iddialara
Oxunma sayı: 295

Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev bəzi dərsliklərdə plagiat mətnlərin olması ilə bağlı iddialara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, direktor bu barədə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün keçirilən təlimdə məsələ ilə bağlı sualı cavablandırarkən danışıb.

“Dərsliyə verilən mətnlərin çox ciddi tələbləri var. O mətnlər hansı meyarlara cavab verməlidir, həmin meyarlara cavab verən əsərlərin tapılması, bunların mütləq adaptasiyası, uyğunlaşdırılması olmalıdır. Orada bir neçə əsərdən söhbət gedirdi. O əsərlərin birbaşa, ilk müəllifinə - Braziliyadan ilk dəfə həmin süjeti işıqlandıran yazıçıya çıxmışdıq. O da sağdır, yəqin ki, Braziliyada yaşayır. Etiraf edir ki, bu süjeti hardasa eşidib və bədiiləşdirib. Bunlar gəzəyən süjetlərdir, o süjetlərin, hadisələrin müəllifi olmur.  Bunlar bədii əsərlər deyil, hadisələrdir.

Yazıçılar həmin süjeti bir ölkədə bir formada, başqa ölkədə başqa formada bədiiləşdirirlər, obrazlara xarakter verirlər, bəzi situasiyalar əlavə edirlər. Maraqlı, dramatik bir bədiiyyat yaradırlar, şagirdi həmin əsərə cəlb edirlər, onu tədris materialı üçün yararlı bir formaya salırlar. Orada heç bir plagiatdan söhbət getmir. Sadəcə olaraq gündəmi zəbt etmək üçün belə müzakirə yaradırlar. Çünki bu, gündəmə gəlmək üçün çox uğurlu bir mövzudur”, - o qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl yazar Səhər Əhməd məktəb dərsliklərində müəllif hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürmüşdü.

Gülnar Əliyeva