Çin nümayəndələri PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşdü - Fotolar

cin-numayendeleri-pktu-bmu-muhendislik-fakultesinin-telebeleri-ile-gorusdu
Oxunma sayı: 200

Bakı Mühəndislik Universitetində (BMU) Çinin Pekin Kimya Texnologiya Universitetinin (PKTU) Şura sədri və Partiya Komitəsinin katibi Li Nanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu il fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik fakültəsi tələbələrinin görüşü təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin arasında formalaşmış dostluq münasibətləri, qarşılıqlı hörmət və etimada söykənən siyasi dialoq iki ölkənin əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində mühüm rol oynayır.

Rektor BMU ilə PKTU arasında qurulmuş tərəfdaşlığı bu münasibətlərin təhsil və elm sahəsindəki təzahürlərindən biri kimi dəyərləndirib. Qeyd edib ki, 2025-ci ildən etibarən 6 ixtisas üzrə 2+2 modeli ilə ikili diplom proqramının həyata keçirilməsi, bu ildən isə 3+1 modeli ilə 4 ixtisas üzrə birgə fakültənin fəaliyyətə başlaması tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Rektor əminliklə ifadə edib ki, fakültənin ilk tələbələri yeni akademik ənənənin formalaşmasında aktiv iştirak edəcək, gələcək nəsillər üçün yol açacaq, fakültənin akademik nüfuzu və uğur tarixinin formalaşmasına öz töhfələrini verəcəklər. PKTU-BMU Mühəndislik fakültəsi gələcəkdə yüksəkixtisaslı mühəndis kadrları hazırlayan nüfuzlu akademik mərkəzə çevriləcək, universitetlər və ölkələr arasında dostluq, elmi əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Y.Piriyev PKTU nümayəndə heyətinin səfərinin və tələbələrlə görüşünün qarşılıqlı əlaqələrə yeni dinamika qazandıracağına, gələcək birgə fəaliyyət üçün əlavə imkanlar yaradacağına inamını vurğulayıb. Eyni zamanda tələbələrə müraciət edərək onları yaradılmış imkanlardan səmərəli yararlanmağa, təşəbbüskar və yeniliklərə açıq olmağa, eyni zamanda Azərbaycanı Çində layiqincə təmsil etməyə çağırıb və təhsillərində uğurlar arzulayıb. 

Sonra PKTU-nun Şura sədri və Partiya Komitəsinin katibi Li Nan birgə fakültənin ilk tələbələrini təbrik edərək, bu fürsətin onlar üçün həm dəyərli təcrübə, həm də böyük məsuliyyət olduğunu vurğulayıb. Bildirib ki, iki universitet arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda Çin və Azərbaycan universitetlərinin birgə təsis etdiyi ilk mühəndislik fakültəsi fəaliyyətə başlayıb və tələbələr bu layihənin tarixində xüsusi yer tuturlar.

Qədim İpək Yolunun tarixən Şərqlə Qərb arasında ticarət və sivilizasiyalararası əlaqələrin inkişafında mühüm körpü rolunu oynadığını vurğulayan Şura sədri bildirib ki, bu gün iki universitet arasında qurulan əməkdaşlıq da təhsil sahəsində yeni bir körpünün əsasını qoyur. O, tələbələri bu körpünün gələcəyə doğru irəliləyən əsas iştirakçıları kimi səciyyələndirib. Həmçinin onların əldə edəcəkləri bilik və təcrübənin Azərbaycanın inkişafına, eləcə də Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Çıxışların ardınca Yaqub Piriyev və Li Nan fakültənin tələbələrə döş nişanı taxıblar. Tədbir çərçivəsində fakültənin tələbələri tərəfindən PKTU nümayəndə heyətinin Çin dilində musiqili salamlanması və BMU-nun rəqs kollektivi tərəfindən Azərbaycan milli rəqs nümunəsi təqdim olunub. 

Fakültənin tələbələri ilə xatirə fotosu çəkdirildikdən sonra qonaqlar BMU Texnoparkı və Mexanika mühəndisliyi laboratoriyaları ilə tanış olub, burada aparılan elmi-tədqiqat işləri və tədris imkanları barədə məlumatlandırılıblar.