“33 dəqiqəyə həmin kəndə ancaq F-16 ilə qayıtmaq olardı”

33-deqiqeye-hemin-kende-ancaq-f-16-ile-qayitmaq-olardi
Oxunma sayı: 9685

Üç il əvvəl Yevlaxın Aşağı Bucaq kəndində qohumu olan 53 yaşlı qadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilmiş Elnur Hüseynov hökmdən narazıdır.

“Qafqazinfo”nun məlumatına görə, əvvəllər fizika müəllimi işləmiş 38 yaşlı Hüseynov günahsız yerə məhkum edildiyini düşünür.

Müttəhimin təqsirli bilindiyi hadisə 2021-ci ildə baş verib. İttihamda deyilir ki, E.Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı əmlakını ələ keçirmək məqsədilə onun işlədiyi cücə istehsalı sexinə gələrək bıçaqlayıb öldürüb. Bundan sonra 1500 manat və 900 dollar pulu, qızıl-zinət əşyalarını ələ keçirib, 66 min manatlıq əmlakına ziyan vurub. Daha sonra izi itirmək üçün özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.

Hadisədən bir müddət sonra Hüseynov başqa bir oğurluğa görə həbs edilib. İstintaq dövründə o, sözügedən qətl hadisəsi ilə bağlı da təqsirləndirilən şəxs qismində cəlb edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsindəki araşdırma zamanı təqsirləndirilən şəxs ittihamları qəbul etməyib. Onun vəkili hadisənin müvəkkili tərəfindən törədilmədiyinə dair əsaslar olduğunu deyib. 1 il davam edən məhkəmə araşdırmasının sonunda Hüseynovu ittiham edildiyi maddələrlə təqsirli hesab edilib.

Hazırda keçmiş müəllimin şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılır. Hüseynovun hüquqlarını isə tanınmış vəkil Zabil Qəhrəmanov müdafiə edir. 

Fotoda: Zabil Qəhrəmanov

Vəkil Qəhrəmanov hesab edir ki, Elnur Hüseynovun təqsirli bilindiyi qətllə heç bir əlaqəsi yoxdur. Müdafiəçinin dediyinə görə, müvəkkilinin günahsızlığını sübut edəcək kifayət qədər əsaslar da var: “Cinayəti bu adamın üzərinə məcbur qoyublar, hər dəfə bir ifadə verib. Bir dəfə deyir ki, hadisə yerinə saat 22:44-də taksi ilə getmişəm, bir dəfə deyir başqa maşınla getmişəm.

Qadının qətlə yetirildiyi yerdə yanğın isə artıq axşam 9-a qalmışdan başlayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə daxil olublar və yanğın yerinin kəşfiyyatı zamanı qadının meyiti aşkar edilib. 

Zərərçəkmiş şəxs 21:05-də Yevlaxın Aşağı Bucaq kəndindədir, sağ olub. Elnur isə saat 21:38-də Göygölün Çaykənd kəndində olub. Telefon anten dairələri də bunu təsdiq edir. Həmin vaxt orada olması haqda yazışması var. Hadisəni törədəndən sonra 33 dəqiqəyə Aşağı Bucaqdan Çaykəndə qayıtmaq mümkün deyil. Belə çıxır ki, F-16 ilə gedib. Orada başqa bir məsələ də var. Deyirlər ki, guya telefonu evdə qalıb. Anten dairələri fərqli göstərir. Bu o deməkdir ki, telefon gəzib. Eyni zamanda bunun telefonundan evdəkilərinə zəng gəlib. Evdə ola-ola evdəkilərə zəng edib? Əsas məqamlardan biri də odur ki, Elnur hadisə baş verən ərəfələrdə həmin telefonla qeyri-rəsmi münasibəti olan qadınla danışıb. Vəsatət vermişəm, həmin qadın da gəlib ifadə verəcək”.

Elnur Hüseynovun ilkin istintaqda yalan ifadə verdiyindən şübhə doğuran digər məqam onun zərərçəkmişi necə öldürdüyü haqda dedikləridir. Vəkil bu nüansı düyünün açılması üçün əsas sübutlardan biri hesab edir: “Müvəkkilim əvvəl deyib ki, mərhumun ürək nahiyəsinə 10-15 dəfə bıçaq vurub. Amma ekspert rəy verib ki, bunun ürək nahiyəsində xəsarət yoxdur. Digər tərəfdən deyirlər ki, meyit yanıb. Amma ekspert rəyində yazır ki, damarlar qanla doludur. Bıçaq xəsarəti ilə ölsəydi, azqanlılıq olardı. Məsələ belədir. Biz bəraətimizi tələb edirik. Görək məhkəmənin qərarı nə olacaq”.

Şikayətlə bağlı baxış iclasları davam edir. Müdafiə tərəfinin dediklərindən görünən odur ki, cavabı tapmalı olan suallar çoxdur. Yekun qərarı Xəqani Səmədovun sədrlik etdiyi hakimlər heyəti qəbul edəcək.

Sail Ağasəlim