“7 aylıq hamilə olduğumu biləndə mənimlə müqavilə bağlamadılar” - Açıqlama

7-ayliq-hamile-oldugumu-bilende-menimle-muqavile-baglamadilar
Oxunma sayı: 1073

“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 77,5 bal toplamışam və Masallı rayonu Qızılağac kənd 1 nömrəli məktəbə qəbul olunmuşam. Təyinat verilsə də, məktəb mənimlə müqavilə bağlamır”.

Bu şikayətlə “Qafqazinfo”ya ibtidai sinif müəllimi Nəzərova Zərxanım Əziz qızı müraciət edib.

Vətəndaş iddia edir ki, buna səbəb hamilə olmasıdır: “Hazırda 7 aylıq hamiləyəm. Bunu biləndə mənimlə müqavilə bağlamaqdan imtina etdilər”. 

Problemlə bağlı Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə ünvaladığımız sorğuya belə cavab aldıq: “Adıçəkilən namizəd Masallı rayonu Qızılağac kəndi Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə müddətli vakant yer üzrə zəng mərhələsində dəvət olunsa da, araşdırma zamanı namizədin 7 aylıq hamilə olduğu, eləcə də tədris ili başladıqdan qısa müddət sonra hamiləliyə və doğuşa görə uzunmüddətli sosial məzuniyyətə ayrılacağı məlum olub.

Bildiririk ki, MİQ üzrə müsabiqədə elektron yerləşdirmə mərhələsindən sonra boş qalan vakant yerlərin tədris ilinin sonuna qədər müddətli əsaslarla tutulması zərurəti yaranır. Bu zaman zəng mərhələsində müvafiq namizədlərlə əlaqə saxlanılır. Qeyd edilən vakant yerin tədris ilinin sonuna qədər tutulması üçün də Nəzərova Zərxanım Əziz qızı ilə zəng vasitəsilə əlaqə saxlanılıb. 

Əmək müqaviləsinin işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında bağlandığını nəzərə alaraq, məktəbin direktoru işəgötürən kimi, ibtidai siniflərdə tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, şagirdlərin tədris proqramından geri qalmasının qarşısının alınması və dərs yükünün davamlı şəkildə təşkil olunması məqsədilə əmək müqaviləsinin bağlanmaması barədə  öz səlahiyyətləri çərçivəsində qərar qəbul edib”.

Məktəbdən həmçinin bildirilib ki, tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə həmin məktəbə zəng mərhələsindən dərhal sonra tədris prosesini fasiləsiz davam etdirəcək digər müəllim yönləndirilib.

Gülnar Əliyeva