“Abır-həyamı o qədər itirməmişəm ki, 70 yaşımda bunu edim” - Aylar sonra məhkəməyə gəldi

abir-heyami-o-qeder-itirmemisem-ki-70-yasimda-bunu-edim
Oxunma sayı: 14556

227 min manatdan çox pulu mənimsəməkdə ittiham olunan Bakı Slavyan Universitetinin (BSU) sabiq dekanı Dürdanə Əliyevanın məhkəməsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda BSU-nun sabiq rektoru Nurlana Əliyeva da iştirak edib.

O, uzun müddətdir şahid kimi məhkəməyə dəvət olunsa da, iclaslara gəlmirdi. Lakin bu dəfə vəkilinin iştirakı ilə ifadə vermək üçün prosesə qatılıb.

Bu iş üzrə məhkəmə 2 ildir ki, davam edir. Universitetin əlavə təhsil və qiyabi şöbəsinin müdiri olmuş Dürdanə Əliyeva ödənişli əsaslarla oxuyan tələbələrin pullarını mənimsəməkdə ittiham olunur. Qeyd edilir ki, Əliyeva 123 tələbənin təhsil haqqını nağd şəkildə qəbul edib. Universitetin hesabına köçürəcəyini deyərək onlardan ümumilikdə 227 min manat pul alıb. Lakin universitetə köçürməyib.

D.Əliyeva ifadələrində tələbələrdən alınan pulları rektorun göstərişi ilə əldə etdiyini və otağında ona verdiyini iddia edib. Nurlana Əliyeva iddialara cavab olaraq bu gün məhkəmədə ilk dəfə danışıb. O, keçmiş işçisinin səsləndirdiyi ittihamları qəbul  etməyib. Sabiq rektor bildirib ki, təhsil haqları ilə hər fakültənin dekanı və mühasibatlıq maraqlanıb: “Ümumiyyətlə qayda belədir ki, tələbələr təhsil haqqını yekun dövlət imtahanına, yəni 4-cü kursa qədər ödəyə bilər. Buna görə də mən ödəniş etməyən tələbələr haqqında dövlət imtahanına qədər hər hansı tədbir görə bilməzdim. Bu səbəbdən də tələbə ödəniş etməyəndə onun barəsində xüsusi tədbir görülməyib, dövlət imtahanına qədər möhlət verilib. Yəni universiteti 2020-ci ildə bitirməli olan tələbə 2018 2019-cu ildə ödəniş etmirsə, bu, faciəvi hal sayılmırdı. Həm də əlavə təhsil şöbəsi kiçik şöbə idi. Cəmi 200 nəfər var idi. Ona görə də buradakı əməllər ciddi nəzərə çarpmayıb. Nəzərə alın ki, BSU-da ümumilikdə 5 min tələbə təhsil alır.

Üstəlik bu hadisələr 2018-ci ildə başlasa da, mənim 2020-ci ildə xəbərim olub. Mən rektor kimi düşüb 5 min tələbədən kimin nə qədər borcu qaldığını hesablaya bilməzdim”.

Fotoda: Dürdanə Əliyeva

Nurlana Əliyeva bildirib ki, təhsil haqları universitetin birinci mərtəbəsində quraşdırılmış terminal vasitəsilə birbaşa ali məktəbin hesabına köçürülüb. O, nağd şəklində ödəmə faktı ilə razı olmadığını bildirib: “Terminal daim işlək olub. Onu heç kim söndürə bilməzdi. Əgər tələbələrdən kimsə deyirsə ki, terminal işləmirdi deyə pulu Dürdanə xanıma verib, bu, Dürdanə Əliyevanın işidir. Necə olur, bütün fakültələr terminalla ödəyir? Əlavə təhsil şöbəsinə çatanda xarab olur? Mənim Dürdanə Əliyeva ilə təhsil haqlarını nağd alması barəsində hər hansı razılaşmam olmayıb. Hətta bir dəfə kimisə işə düzəltmək istəyirdi, dedim olmaz.

Pandemiya dövründə vəziyyət pis idi, tələbələrin universitetə gəlib-getməsində çətinliklər yaranmışdı. Əlavə təhsil şöbəsində oxuyanlar isə hamısı işləyən adamlar idi. Dedilər ki, işimiz dayanıb, ödəniş edə bilmirik. 826 tələbə dövlət imtahanından azad olundu. 5 tələbənin akademik kəsrləri silindi. Kollekviumlar ləğv edildi. Şərəfi olmayan rektor bu cür güzəştlər etməzdi. Amma Dürdanə Əliyeva belə bir vəziyyətdə mənim inamımdan istifadə etdi.

İlk dəfə iki tələbə mənə şikayət etdi. Araşdırma apardıq, məlum oldu ki, Dürdanə ödənişləri mənimsəyir. Mən onu çağıranda söz verdi ki, evini satıb pulu yerinə qoyacaq. 10 gün vaxt verdim, gördüm nəticəsi yoxdur. Təhsil Nazirliyinə şikayət etdim. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. Yeri gələndə evdən mürəbbə, şəkərbura-paxlava gətirmişəm ki, universitetin pulu getməsin”.

Sabiq rektor ifadəsində qeyd edib ki, təhsil haqları ilə bağlı hesabatlar 45 gündən bir keçirilən Elmi Şuranın iclasında müzakirə olunub. Dürdanə Əliyeva həmin iclaslarda ona 2020-ci ilədək məlumat verməyib: “Tələbələrdən gələn pul universitetin büdcəsidir. Biz məhz təhsil haqları sayəsində maaşları verirdik. Universitetin saxlanma xərclərini qarşılayırdıq. O, hər hansı problem olmadığını, ödənişlərin vaxtı-vaxtında ödənildiyini göstərib.

O mənə siyahı verdi ki, filan tələbələrdən pul almışam. Biz onu əvvəlcə dekan vəzifəsindən azad etdik. Daha sonra Təhsil Nazirliyi onu müəllimlikdən azad etdi. İstintaqa 40 səhifəlik material vermişəm”.

Qeyd edək ki, Dürdanə Əliyeva 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 227 min manat pul almaqda təqsirli bilinir. O, bu işləri Nurlana Əliyevanın göstərişi ilə etdiyini deyir.

Nurlana Əliyeva 2021-ci ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Amin Nəzərli