ABŞ, Azərbaycan və Ermənistan “Tramp Marşrutu” üzrə planlaşdırma qrupları yaratdı

abs-azerbaycan-ve-ermenistan-tramp-marsrutu-uzre-planlasdirma-qruplari-yaratdi
Oxunma sayı: 250

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Belə ki, Amerika Birləşmiş Ştatları, Azərbaycan və Ermənistan hökumətləri tərəfindən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) multimodal tranzit layihəsinin icrasını sürətləndirmək məqsədilə Birgə Bəyanat yayılıb: “ABŞ Dövlət katibinin köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan layihənin praktiki mərhələyə keçməsi üçün Üçtərəfli Texniki Planlaşdırma Qruplarını təsis ediblər

Təsis edilən bu forum üç ölkənin siyasətçilərini və texniki ekspertlərini bir araya gətirərək regionda uzunmüddətli sabitlik, iqtisadi canlılıq və kommersiya əlaqələrinin genişləndirilməsinə xidmət edəcək”.

Birgə bəyanatda bu addımın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində keçirilmiş tarixi Sülh Zirvəsi Bəyannaməsinin məntiqi davamı olduğu vurğulanıb.

Layihəni real irəliləyişə çevirmək məqsədilə tərəflər nəqliyyat dəhlizlərinin planlaşdırılması (mürəkkəb texniki məsələlərin tənzimlənməsi və regional infrastrukturla inteqrasiya) və elektrik enerjisinin ötürülməsi üzrə ilk iki Üçtərəfli Planlaşdırma Qrupunun fəaliyyətə başlamasına qərar veriblər. Danışıqların sonunda Bakı, İrəvan və Vaşinqton “Tramp Marşrutu”nun (TRIPP) bütün mexanizmlərinin tez bir zamanda reallaşdırılmasına dair öhdəliklərini bir daha təsdiqləyiblər.