“ABŞ Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır”

abs-azerbaycana-qarsi-etdiyi-sehvi-yeniden-tekrarlayir
Oxunma sayı: 2031

“Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə, belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində bildirilib.

“2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-nin terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb.

Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan, eyni zamanda Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır”, - açıqlamada vurğulanıb.