Gəlirlərin 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxil olacaq

gelirlerin-47-faizi-dovlet-vergi-xidmeti-vasitesile-daxil-olacaq
Oxunma sayı: 157

“Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 39,3 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 645 mln. manat və ya 1,7 faiz çoxdur”.  

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Dövlət büdcəsinin gəlirlərinin 23,8 mlrd. manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 mlrd. manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Qeyri-neft sektoru üzrə daxilolmalar cari illə müqayisədə 1,6 mlrd. manat və ya 7,2 faiz artımla, neft-qaz sektoru üzrə  daxilolmalar üzrə isə əksinə 955 mln. manat və ya 5,8 faiz az proqnozlaşdırılıb”.  

Neft-qaz sektoru üzrə azalmanın səbəbinə gəlincə, maliyyə naziri bildirib ki, bu, əsasən Dövlət Neft Fondundan transfertin 550 mln. dollar və ya 935 mln. manat azaldılması ilə bağlıdır. Qeyri-neft gəlirlərində artım hesabına 2027-ci ildə Fonddan dövlət büdcəsinə transfertin azaldılması makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli  buffer yaratmağa imkan verir. 

“Növbəti il üçün gəlirlərin 18,4 mlrd. manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Bu cari illə müqayisədə 1,5 mlrd. manat və ya 9 faiz çoxdur. Həmin daxilolmlaların 14,9 mlrd. manatı qeyri-neft sektorundan, 3,6 mlrd. manatı isə neft-qaz sektorundan təmin ediləcək. 

Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il dövlət büdcəsinə daxilolmalar isə təqribən 6.9 mlrd. manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. 

2027-ci ildə Dövlət Neft Fondundan transfertin həcmi 11,9 mlrd. manat və ya büdcə gəlirlərinin 30,3 faizi həcmində olacaq. Büdcə gəlirlərinin 872 mln. manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 mln. manatı ödənişi xidmətlər üzrə daxilolmaların, 484 mln. manatı sair gəlirlərin hesabına təmin ediləcək, dividendlər cari illə müqayisədə 45,3 faiz artacaq”, - deyə maliyyə naziri qeyd edib. 

Nuranə Daxilqızı