ABŞ-də demokratlar və respublikaçılar arasında Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı razılaşma əldə olunmaması səbəbindən federal hökumətdə qismən “şatdaun” başlayıb. “Şatdaun” maliyyə çatışmazlığı ucbatından bəzi federal qurumların fəaliyyətinin dayandırılması anlamına gəlir.
“Qafqazinfo”nun məlumatına görə, oxşar vəziyyət 2025-ci ilin payızında da yaşanmış və həmin “şatdaun” 43 gün davam etmişdi.
O dövrdə ABŞ Prezidenti Donald Tramp müvəqqəti maliyyələşdirmə qətnaməsini imzalayaraq, federal qurumların fəaliyyətini 2026-cı ilin yanvar ayının sonunadək uzatmışdı. Bu müddətdə Konqresin yeni büdcə ilə bağlı razılığa gəlməsi nəzərdə tutulurdu. Sonradan bir sıra qanun layihələrinin qəbul edilməsi bəzi qurumların fəaliyyətini davam etdirməsinə imkan vermişdi.
Hazırkı böhranın əsas səbəbi Daxili Təhlükəsizlik Nazirliyinin büdcəsi ilə bağlıdır. Demokratlar Minnesota ştatında baş verən insidentdən sonra nazirliyin maliyyəsinin azaldılmasını tələb edirlər. Belə ki, Miqrasiya Xidmətinin əməkdaşı əməliyyat zamanı saxlanılan şəxslərdən birinə kömək etməyə çalışan tibb bacısını güllələyərək öldürmüş, bu hadisə ştatda geniş etirazlara səbəb olmuşdu.
Mütəxəssislər uzunmüddətli “şatdaun”un maliyyə bazarlarına, o cümlədən, kriptoaktivlərə mənfi təsir göstərə biləcəyini bildirirlər. Lakin “CryptoRank” agentliyinin məlumatına əsasən, 29-30 yanvar tarixlərindəki korreksiyadan sonra bazarlarda ciddi eniş qeydə alınmayıb.
“ABC News”un məlumatına görə, yanvarın 30-da Senat Daxili Təhlükəsizlik Nazirliyinin qısamüddətli maliyyələşdirilməsinə dair qətnaməni ayrıca paket kimi təsdiqləyib. Sənəd Nümayəndələr Palatasına göndərilib, lakin orada səsvermənin fevralın 2-də keçirilməsi gözlənilir.
Qanun layihəsində demokratlara bir sıra güzəştlər də nəzərdə tutulub. Sənədə əsasən, miqrasiya və gömrük xidməti əməkdaşlarının bədən kamerası daşıması məcburi olacaq, maskalardan istifadə isə qadağan ediləcək.
Son xəbərlər
Son Xəbərlər