ABŞ Prezidenti Donald Trampın Merilend ştatındakı şəhərkənarı iqamətgahı üzərində “F-16” hərbi qırıcısı uçuşa qadağan olunmuş zonaya daxil olan təyyarənin qarşısını kəsib.
“Qafqazinfo” “The New York Post” nəşrinə istinadla xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Birləşmiş Komandanlığı (NORAD) məlumat yayıb.
Məlumata görə, insident Termont şəhəri üzərində yerli vaxtla saat 07:50-də baş verib. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı hava gəmisini uçuş üçün bağlanan zonadan kənara təhlükəsiz şəkildə müşayiət edib. NORAD rəsmiləri pilotlardan uçuşdan əvvəl səmadakı hərəkət məhdudiyyətləri ilə bağlı aktual məlumatları yoxlamağı xahiş edib.
Nəşr vurğulayır ki, dövlət başçısı iqamətgahına həftəsonunu keçirmək üçün bir gün əvvəl gəlibmiş.
Oxşar hadisə avqust ayının sonunda da baş vermişdi. Həmin vaxt hərbi qırıcı Amerika liderinin Hyustona səfəri zamanı uçuşa qadağan olunmuş zonaya daxil olan beş mülki təyyarəni müşayiət etməyə məcbur olmuşdu.
Xatırladaq ki, bir qədər əvvəl kütləvi informasiya vasitələri Trampın “Air Force One” göyərtəsində uzun uçuşları necə keçirdiyi barədə məlumat dərc etmişdi.
Son xəbərlər
Son Xəbərlər