“ABŞ donanması İrana doğru hərəkət edir”

abs-donanmasi-irana-dogru-hereket-edir
Oxunma sayı: 1376

“ABŞ-nin hərbi gəmilərdən ibarət “armadası” İrana doğru istiqamət alıb”.

“Qafqazinfo” “Reuters” istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində dünya liderləri ilə görüşdən sonra ABŞ-yə qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

O, bu qüvvələrdən istifadə etməyə ehtiyac qalmayacağına ümid etdiyini deyib.

Tramp Tehrana etirazçıların öldürülməməsi və nüvə proqramının yenidən başladılmaması ilə bağlı xəbərdarlıqlarını da təkrarlayıb.

“Ehtiyac yaranarsa deyə, o istiqamətə çoxlu gəmilər göndəririk. Açığı, nəyinsə baş verməsini istəməzdim, amma onları çox yaxından izləyirik”, – Tramp deyib.

“Bizim bir armadamız var və o istiqamətə doğru gedir. Ola bilsin ki, ondan istifadə etməyə ehtiyac qalmasın”, - o əlavə edib.

Məlumata görə, hərbi gəmilər ötən həftə Asiya-Sakit okean regionundan hərəkətə başlayıb. Buna səbəb son aylarda İranda etiraz aksiyalarına qarşı sərt tədbirlərdən sonra ABŞ-İran münasibətlərində gərginliyin artması olub.

Tramp daha əvvəl İranda etirazçıların öldürülməsi ilə bağlı dəfələrlə müdaxilə ilə hədələsə də, ötən həftə etirazların səngidiyini bildirib və ritorikasını nisbətən yumşaldıb. O iddia edib ki, təhdidlərindən sonra İran təxminən 840 edam hökmünü ləğv edib.

“Onlara dedim ki, əgər bu insanları edam etsəniz, indiyə qədər görmədiyiniz qədər sərt zərbə alacaqsınız”, – Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ rəsmiləri bildiriblər ki, “USS Abraham Lincoln” aviadaşıyıcısı və bir neçə idarə olunan raket esminesi yaxın günlərdə Yaxın Şərqə çatacaq. Bundan əlavə, regionda ABŞ bazalarını mümkün İran hücumlarından qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi də nəzərdən keçirilir.

Bu hərbi yerləşdirmələr ABŞ administrasiyasına həm regiondakı qüvvələrini daha yaxşı müdafiə etmək, həm də iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra mümkün əlavə hərbi addımlar üçün daha geniş seçimlər yaradır.