ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

abs-sefiri-turkiye-xin-e-cagirildi
Oxunma sayı: 1996

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, PKK tərəfindən 13 Türkiyə vətəndaşının öldürülməsi ilə bağlı ABŞ-ın mövqeyinə “ən sərt şəkildə” reaksiya bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Xarici İşlər Nazirliyi İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı Türkiyəyə başsağlığı vermişdi. Başsağlığı mətnində yer alan ifadələr isə reaksiya doğurmuşdu.

“ABŞ Türk vətəndaşlarının İraqın Qara bölgəsində öldürülməsindən kədərləndiyini bildirir. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və son qarşıdurmada həyatını itirənlərin ailələrinə başsağlığı diləyirik. Türkiyə vətəndaşlarının PKK-nın əlində öldüyü xəbərləri doğrudursa, bu faktı ən güclü şəkildə qınayırıq”, - açıqlamada deyilirdi.