Abşeron Logistika Mərkəzi yeni 3PL xidməti göstərilən anbarlar istifadəyə verəcək

abseron-logistika-merkezi-yeni-3pl-xidmeti-gosterilen-anbarlar-istifadeye-verecek
Oxunma sayı: 3698

Abşeron Logistika Mərkəzi tərəfindən Azərbaycan iqtisadiyyatına böyük fayda qazandıracaq yeni 3PL xidməti göstərilən “A+” kateqoriyalı anbarların inşası artıq yekunlaşmaq üzrədir.

"Qafqazinfo" bildirir ki, peşəkar ekspertlərin nəzarəti altında inşa edilən, beynəlxalq standartlara uyğun anbarlarda yüklərin başlanğıc nöqtədən son nöqtəyə qədər təchizat zəncirindəki bütün əməliyyatların daha səmərəli planlanmasında əhəmiyyətli paya sahib olan 3PL xidməti təklif ediləcək.

Mərkəz 3PL xidməti vasitəsilə satıcı və alıcı arasında vasitəçi rolunu oynamaqla müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, anbar, nəqliyyat, konsolidasiya və dekonsolidasiya, gömrük rəsmiləşdirilməsi, yüklərin sığortalanması, qablaşdırma, stikerləmə, ekspeditor, sifarişlərin çatdırılması və əlavə dəyər xidmətləri təqdim edəcək.

3PL xidmətinin göstərilməsi logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəfə uyğun olaraq, regional tranzit yüklərin cəlb edilməsi və həmin yüklər üzərində əlavə dəyər yaradılmasına böyük dəstək verəcək.

3PL xidməti xüsusilə coğrafi mövqeyinə görə bir paylama mərkəzi rolunu oynayan ölkəmizə daxil olan tranzit yüklərin böyük həcmdə artımına, bununla da ölkə iqtisadiyatının daha da inkişafına səbəb olacaq. Kifayət qədər beynəlxalq şirkətlər var ki, bu anbarlar vasitəsilə 3PL xidməti təqdim etmək mümkün olduğu halda Azərbaycanda nümayəndəliklər açmaqda və ölkəmizdən regional mərkəz kimi faydalanmaqda maraqlı olacaqlar. Bu da öz növbəsində həmin şirkətlərin birbaşa Azərbaycana investisiya etmək, logistika fəaliyyətinin bir qismini Azərbaycandan icra etmək niyyətinə dəstək verəcək.

Bütün logistika xidmətlərinin və yüklərin hərəkətinin maksimum optimallaşdırılması yük sahiblərinə də böyük fayda qazandıracaq. Anbar əməliyyatlarına çəkilən xərc və zaman azaldılaraq yüklərin çatdırılması ən effektiv şəkildə idarə ediləcək. Əlverişli coğrafi yerləşməsi olan, ən son texnologiyalar ilə təchiz edilmiş rəfli anbarlarda 24/7 təhlükəsizlik nəzarəti mövcud olacaq. Bütün əməliyyatları dəqiq, sistemli və keyfiyyətli şəkildə aparmaq üçün anbarlar ən müasir WMS (Warehouse Management System) proqram təminatı ilə təchiz olunacaq. İrihəcmli və ya xüsusi hazırlıq tələb edən yüklərin çatdırılması xüsusi yanaşma ilə standartlara uyğun şəkildə həyata keçiriləcək.  Azərbaycanda birbaşa fəaliyyəti mövcud olmayan böyük logistika şirkətləri mərkəzin təklif etdiyi 3PL xidməti vasitəsilə ölkəmizdəki mövcud və potensial müştərilərə öz xidmətini təqdim etmə imkanı əldə edəcəklər.

Mərkəz tərəfindən verilən məlumata görə, 3PL xidməti göstərilən xüsusi anbarların sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.