Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar

abseronda-sahibkarlarla-gorus-kecirildi
Oxunma sayı: 282

Abşeron Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda görülən işlər, mövcud potensialın daha səmərəli istifadəsi, sahibkar və fermerlərin qarşılaşdıqları məsələlər və qarşıda duran hədəflərlə bağlı növbəti görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Orxan İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə Dövlət Nəzarəti Xidmətinin 2 saylı Abşeron-Xızı regional bölməsinin rəisi Fərrux Haqverdiyev, fərdi sahibkarlar və fermerlər iştirak ediblər.

Abdin Fərzəliyev çıxış edərək bildirib ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı qəbul olunduqdan sonra rayon ərazisində bir sıra mühüm tədbirlər görülüb. Sahibkarların daha da geniş şəkildə dəstəklənməsi həyata keçirilmiş, onların problemlərinin həllində uğurlar əldə olunub.

Kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıdığını RİH başçısı bildirib ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən emalı, saxlanılması və bazara çıxarılması imkanlarının genişləndirilməsi və bu istiqamətdə sahibkarların dəstəklənməsinin qarşıda duran əsas məsələlərdəndir. Qeyd edilib ki, bu istiqamətdə dövlət-sahibkar birliyinin yaradılması, sahibkarın və fermerlərin fəaliyyətinin dəstəklənməsi, onların mövcud dövlət mexanizmlərindən düzgün və səmərəli istifadə etməsi, təsərrüfatların inkişafına mane olan məsələlərin aidiyyəti qurumlarla birlikdə operativ şəkildə həll edilməsi istiqamətində mühüm naliyyətlər əldə olunub.

Abdin Fərzəliyev ölkədə kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən bütün dəstəyin göstərildiyini qeyd edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov Dövlət Proqramının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran hədəflər barəsində məlumat verib. Kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, 2026–2030-cu illər üçün Dövlət Proqramının aqrar sahənin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, istehsal və emal imkanlarının artırılması, kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi istiqamətində mühüm addımların atıldılğını vurğulayan Habil Əzənmədov Dövlət Proqramının icrası çərçivəsində dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, sahibkarlar və fermerlər arasında koordinasiyanın gücləndirildiyini, qarşıya çıxan məsələlərin operativ şəkildə həll olunduğunu söyləyib.

Sonra Abşeron RİH başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri İlkin Əsədov rayonda görülmüş işlər barəsində hesabat xarakterli çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli, 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Abşeron rayonu üzrə icrasının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Bu məqsədlə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 sentyabr 2026-cı il tarixli, 353 nömrəli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Qərargah yaradılıb. Ötən müddət ərzində sahibkarlıq subyektləri ilə görüşlər keçirilib, layihələrin mövcud icra vəziyyəti öyrənilib, qarşıya çıxan problemlər müəyyənləşdirilib və onların həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə müvafiq işlər aparılıb.

Hazırda Dövlət Proqramı çərçivəsində Abşeron rayonu üzrə 1 təşəbbüs və 5 digər tədbir olmaqla, ümumilikdə 6 investisiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihələrin yekununda 1138 yeni iş yerinin yaradılması planlaşdırılır. Layihələr əsasən quşçuluq, zeytunçuluq, badamçılıq, qoyunçuluq və balıqçılıq sahələrini əhatə edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov da kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. Dövlət Proqramının icrası ilə əlaqədar 5 prioritet istiqamət üzrə 86 tədbirin müəyyənləşdirildiyini və artıq ilkin uğurların əldə olunduğunu qeyd edən E.Namazov bildirib ki, sahibkarlara və fermerlərə dəstək müxanizmləri genişləndirilib.

Görüşdə fərdi sahibkar və fermerlərin fəaliyyətləri ilə bağlı məsələlər də müzakirə olunub. Sahibkarlar əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə və istehsal olunan məhsulların satışı ilə bağlı qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Sahibkarlar və fermerlər Dövlət Proqramı çərçivəsində bir sıra qarşılaşdıqları məsələlərin həll olunduğunu, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Görüşün davamında tədbir iştirakçıları kənd təsərrüfatı, o cümlədən balıqçılıq sahəsində fəaliyyət göstərən təsərrüfatlara baş çəkərək görülən işlərlə yerində tanış olublar.