ADNSU ilə “ATENAU” arasında memorandum imzalanıb

adnsu-ile-atenau-arasinda-memorandum-imzalanib
Oxunma sayı: 749

Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ATENAU Məhdud Məsuliyyətli Müəssisənin (MMM) direktoru Azər Əhmədov ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlıq imkanlarının və İntelektual İdarəetmə sahəsində birgə yeni layihələrin müzakirə olunduğu görüşdə rektor, professor M.Babanlı universitetdə görülən işlər barədə qonağa məlumat verib. ATENAU MMM ilə birgə yeni layihə olan “İntelektual İdarəetmə Sistemləri” Tədris Mərkəzinin yaradımasının tələbə və magistrantlar üçün böyük imkanlar açacağını deyən rektor M.Babanlı layihənin tətbiqinin uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.    

Məzunu olduğu doğma universitetdə olmaqdan böyük fəxr hissi keçirdiyini deyən ATENAU MMM-in direktoru A.Əhmədov ADNSU ilə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib. Bu baxımdan bir çox strateji və perspektiv planların mövcudluğunu diqqətə çatdıran A.Əhmədov ADNSU ilə birgə qurulacaq “İntelektual İdarəetmə Sistemləri” Tədris Mərkəzinin əhəmiyyətindən danışıb. 

Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.  

Qeyd edək ki, müqaviləyə əsasən ADNSU-nun “Avtomatika və Telemexanika” kafedrasının nəzdində CRESTRON şirkətinin avadanlıq və materialları bazasında “İntellektual idarəetmə Sistemləri” Tədris Mərkəzinin yaradılması, mərkəzdə bakalavr və magistrlar üçün avtomatika və idarəetmə sistemləri üzrə praktik, laborator  və nəzəri dərslərin keçirilməsi və bu istiqamətdə mütəxəssis hazırlığı kurslarının təşkil olunması nəzərdə tutulur.