ABŞ Prezidenti Donald Tramp Vitse-prezident Ceyms Devid Vensin 3 noyabr aralıq seçkilərindəki uğursuzluğu İranla müharibə ilə əlaqələndirməsindən ciddi narazı qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məsələdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu fikir ayrılığı Trampın 2028-ci il prezident seçkiləri ərəfəsində Vensdən uzaqlaşmasına səbəb olub.
Məlumata görə, Tramp əvvəlcə Vensin şərhlərinə mülayim yanaşsa da, sonradan vitse-prezidentin onu müdafiə etməməsindən və qərarını haqlı çıxarmamasından qəzəblənib. Müşavirləri ilə söhbətində Tramp Vensin “prezidentin İranla müharibəyə getmək barədə düzgün qərar verdiyini” xüsusi vurğulamalı olduğunu deyib.
Noyabrın əvvəlində jurnalistlərin “Yenidən seçim şansınız olsaydı, İrana hücum edərdinizmi?” sualına “Bəli, edərdim” cavabını verən Tramp Vensin təhlilini səhv hesab etdiyini açıq şəkildə büruzə vermişdi.
Məlumata görə, Tramp şəxsi söhbətlərində Dövlət katibi Marko Rubionu tərifləməyə başlayıb və onun prezidentliyə güclü namizəd ola biləcəyinə işarə edib. Prezidenti məmnun edən əsas məqam Rubionun İrana hücum qərarını ölkənin milli təhlükəsizliyi üçün vacib addım kimi dəstəkləməsidir. Vensə yaxın mənbələr isə bu gərginlik fonunda vitse-prezidentin 2028-ci il namizədliyi ilə bağlı hələ qəti qərar vermədiyini bildirirlər.
Xatırladaq ki, Vens 3 noyabr Konqres seçkilərindən dərhal sonra sosial mediada Respublikaçıların məğlubiyyətini İranla müharibənin uzanması, bunun yaratdığı inflyasiya, bahalaşma və ABŞ-İsrail münasibətlərindəki problemlərlə izah etmişdi.
Son xəbərlər
Son Xəbərlər