Bu gün Ağdam Muğam Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazilərin, aztəminatlı ailələrin övladları və təhsil aldıqları məktəblərdə yüksək nailiyyət göstərmiş şagirdlər iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər uşaqların bayramını təbrik edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilməsindən, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların rifahının yüksəldilməsi, onların keyfiyyətli təhsil alması, sağlamlığının qorunması və hüquqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərindən bəhs ediblər.
Tədbirin gedişində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, Ağdam Musiqi Kollecinin müəllimlərinin və rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivlərinin ifasında müxtəlif musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.
Tədbirin sonunda şəhidlərin övladları, təhsildə yüksək nailiyyətlər əldə etmiş, həmçinin aztəminatlı ailələrdən olan bir qrup şagird RİH başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılıb.






Son xəbərlər
Son Xəbərlər