Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun təntənəli açılış mərasimi keçirilib - Fotolar

agirliqqaldirma-uzre-azerbaycan-kubokunun-tenteneli-acilis-merasimi-kecirilib
Oxunma sayı: 2437

Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçıları və qonaqlara federasiyanın prezidenti Kamran Nəbizadənin salamlarını çatdırıb.

O, hər kəsə təşrif buyurduqları üçün təşəkkürünü bildirib. Umudov ölkəmizdə idmanın inkişafından danışıb, idmana dövlət tərəfindən ən yüksək səviyyədə - Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Bildirilib ki, məhz bu diqqətin sayəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı fəxrlə dalğalandırır, zirvələri fəth edirlər.

Firdovsi Umudov Azərbaycan ağırlıqqaldırma idman növündə də uğurlar qazanıldığını, son olaraq bir neçə gün əvvəl keçirilən Qətər Qran-Prisində Dadaş Dadaşbəylinin çempion olduğunu xatırladıb. Startı verilən Azərbaycan Kubokunun böyük əhəmiyyəti daşıdığını bildirən Firdovsi Umudov, bu turnirlər vasitəsilə neçə-necə çempionlar, qaliblərin yetişəcəyinə əminliyini vurğulayıb.

Daha sonra Azərbaycan Kuboku açıq elan edilib, ardınca Azərbaycanın Dövlət Himni səslənib.

Sonda mərasimin bədii hissəsinə keçilib. Burada tanınmış estrada ulduzları, tanınmış müğənnilər Samir Cavadzadə, Çinarə Məlikzadə və skripkaçı Ramil Həsənov çıxış edərək xoş ab-hava yaradıb, qonaqlara əyləncə və istirahət imkanı yaradıblar.

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku dekabrın 17-də başa çatacaq.