“Allahverdi Bağırovu sonuncu dəfə 17 yaşımda gördüm” - Videomüsahibə

allahverdi-bagirovu-sonuncu-defe-17-yasimda-gordum
Oxunma sayı: 5634

Müşfiq Hüseynov “Qarabağ” klubunun məşqçi və futbolçu heyəti arasında yeganə qarabağlıdır. Ağdam rayonunda doğulan məşqçi 2008-ci ildən öz şəhərinin komandasında işləyir. Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra komandanın qazandığı uğurlarda onun da öz payı var. M.Hüseynov “köhlən atlar”ın yazdığı bütün tarixi uğurlara şahidlik edib.

Həmçinin o, avrokuboklarda ilk mərhələ keçən komanda kimi tarixə düşən “Qarabağ”ın heyətində futbolçu kimi yer alıb. M.Hüseynov 1999-cu ildə İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı səfər matçında 2 qolla yadda qalıb və matç təmsilçimizin 2:1 hesablı qalibiyyəti ilə bitib. Məzh bu qələbə sayəsində Ağdam klubu İntertoto kubokunda mərhələ keçib. 

Təcrübəli məşqçi həm də “Qarabağ”ın 1993-cü ildə Ağdamın işğalından öncə “İmarət”də keçirdiyi son oyunun şahididir. Azərbaycan Kubokunun yarımfinalında keçirilən bu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb və yeganə qolu Müşfiq Hüseynovun qardaşı Yaşar Hüseynov vurub. 

O, həm də Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun sevdiyi futbolçulardan biri olub. Futbola gəlişində Milli Qəhrəmanımızın böyük rolu var. 

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı keçib tarix yazmasından sonra Ağdam klubu ətrafındakı tarixi hadisələr şahidlik etmiş Müşfiq Hüseynovla danışmaq qərarına gəldik. O, “Qafqazinfo”ya müsahibəsində Allahverdi Bağırovun dəstəyi ilə futbola gəlişindən, onunla görüşlərindən və bugünkü nəticələrdən danışdı. 

M.Hüseynov əvvəlcə “Braqa” ilə oyunda Allahverdi Bağırovla Qurban Qurbanovun görüşünü əks etdirən xoreoqrafiyadan söz açdı: “Çox qüruruverici an idi. Həmişə məşqçim haqqında nəsə eşidəndə duyğulanıram. Həmin xoreoqrafiyada Allahverdi Bağırovla Qurban Qurbanovu görmək xoş idi. İkisini də tanıyıram və oxşar cəhətləri çoxdur. Allahverdi Bağırov vətən üçün döyüşüb, Azərbaycanın qəhrəmanıdırsa, Qurban Qurbanovu da idman sahəsində qəhrəman saymaq olar”. 

54 yaşlı məşqçi “Qarabağ”ın “Braqa”nı keçib Avropa Liqasının 1/8 finalına çıxması, tarix yazması barədə danışıb və hisslərini bölüşüb. O həmçinin komandanın tarixi uğurlarının səbəbini açıqlayıb: “O sevinci yaşamaq lazımdır. Hamımız birlikdə onu yaşadıq. Bir Azərbaycan komandası qrupdan çıxır, 1/8 finala adlayır... Belə anlar çox az olur. Düşünsək ki, avrokuboklarda elə böyük uğurlarımız yoxdur, onun sevinc hisslərinin qarşısını almaq mümkün deyil. “Qarabağ”ın uğurlarının ən böyük səbəbi məşqçi amilidir. Qurban Qurbanov komandada mehribanlıq yaradıb. “Qarabağ” adının, klubunun dəyərini fubolçulara izah edə bilib”.

O, daha sonra eyni skamyada yer aldığı Qurban Qurbanov haqqında danışıb: “Məşqçi işi asan deyil. Siz onu kənardan görürsünüz, amma komandanı necə hazırlamasını futbolçular, məşqçi heyəti görür. Qurban Qurbanov daim futbolçulara “mən sizin qardaşınızam, yoldaşınızam, dostunuzam” deyir. Bəzən əsəbiləşir, bu adətən oyunlar ərəfəsində olur, amma onu da çox biruzə vermir, emosiyalarını gizlədir. Yaşadıqlarını içində yaşayan adamdır, sizin gördüyünüz xarakteri biz də görürük. Oyunun gedişatında hansısa emosiyalar olur. Bəzən deyir ki, “bunu səhv edirsiniz, istəmirəm belə edəsiniz”, amma çox ağır söz deməz heç kəsə”. 

M.Hüseynov Ağdamda futbola başlamasından və ilk məşqçisi olan Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovdan söz açıb: “Futbola ilk dəfə qardaşım Yaşarın arxasınca düşüb getmişəm. Onun bundan xəbəri olmurdu. 6 yaşım var idi və evdən çox çıxmağa qoymurdular. Qardaşım və komanda yoldaşları meydançada oynayırdı, mən isə qapının arxasında otururdum ki, topu uzağa vursalar, gedib götürüm və oynayım. Yavaş-yavaş o, özü məni futbola aparmağa başladı.

Stadionda elə topla oynayanda Allahverdi Bağırov məni gördü və Yaşardan soruşdu ki, “bu kimdir?”. Yaşar cavab verdikdən sonra  dedi ki, “ona de, məşqə gəlsin”. Belə futbola başladım və özümdən böyüklərlə məşqlərə qoşuldum. Əvvəllər əziyyət çəksəm də, sonra onların sevimlisinə çevrildim. Bir gün 14 yaşlılar arasında çempionat keçirilirdi, mənim də həmin vaxt 11 yaşım var idi. Həmin gün yağış yağırdı, mən də içəridə özüm üçün topla oynayırdım. Allahverdi Bağırov da oyuna gəldi və arxa tərəfdən keçib futbola baxırdı, ona fikir vermədim, topla oynamağa davam etdim. Birdən çöndü və dedi ki, “neyniyirsən orda? Bu komanda ilə futbol oynaya bilərsən?”. Cavab verdim ki, “yox, onlar böyükdür”. Dedi, “sən oynayarsan”.

Onun kimi adamın bu cür danışmağı məni böyütdü. Forma verdi mənə və dedi ki, “gir meydançaya”. Girib 15 dəqiqə oynadım, dəqiq yadımda deyil ki, 1 və ya 2 qol vurdum, qol ötürməsi verdim. Rəqib komandanın oyunçuları soruşurdu ki, “bu kimdir, balaca başımıza oyun açır?”. Futbola gəlişimdə Allahverdi Bağırovun böyük rolu var. Həm məşqçim olub, həm də qardaş olub bizə. O, çox danışmağı sevmirdi, amma sözünün kəsəri var idi. Qısa danışıb hər şeyi anladırdı. Fəxr edirəm ki, mənim məşqçim olub. Təəssüf ki, aramızda yoxdur, amma sözü hələ də qulağımdadır. Onunla sonuncu görüşüm 17 yaşımda olub. Allahverdi Bağırov məni komanda ilə Xankəndi şəhərinə toplanışa göndərdi. Həmin gündən sonra döyüşlər başladı və demək olar ki, görüşmədik. Onun qəbri tapılandan sonra arzumdur ki, ziyarət edim. Bu hissləri izah etmək çox çətindir. Milli Qəhrəmanımızla bağlı xatirələrim çoxdur. Heç vaxt yadımdan çıxmayan bir xatirə var. Uşaq vaxtı 6 ay məşqə getmədim, amma ondan öncə məndən soruşmuşdu ki, “sən hansı ölçüdə ayaqqabı geyinirsən?” Demişdim ki, ayağımın ölçüsü 34-dür. Həmişə qardaşıma deyirmiş ki, “o haradadır, gəlsin, ona butsı almışam”. 6 ay sonra getdim və məni gördü, dedi ki, “gəlmədin, aldığım butsını cırıb atdım”. Məni övladı, dostu kimi çox istəyirdi. Heyfislənirəm ki, gedib o butsını almadım. İndi onun kimi insanlar çox azdır həyatda. Elə insanları tapmaq çətindir”.

Məşqçi “İmarət” stadionunda futbol oynadığı günləri xatırlayıb: “Mənim indi də xəyallarım o küçələrdə, o yerlərdə gəzir. Bu barədə danışmaq çox ağırdır. Evdən çıxıb stadiona getməyim 5 dəqiqə çəkirdi. Demək olar ki, günümüz orada keçirdi. Məktəbdən gələn kimi getmək istədiyimiz ilk yer “İmarət” idi. Bizim məşqlərimizə 500-1000 nəfər adam gəlir. Oradakı atmosfer çox maraqlı idi. Azarkeşlərimiz bizi daim dəstəkləyirdi. Təəssüf ki, indi Azərbaycan çempionatına tərəfdarlar gəlmir. Bizim onların dəstəyinə ehtiyacımız var. Ağdam işğaldan qayıdandan sonra ora gedəndə yaşadığım hissləri ifadə edə bilmərəm. Burdan gedəndə deyirdim ki, orda evimizi tapacağam. Stadionun tikildiyi ərazidən ayrılandan sonra dedim ki, gedirəm evimizə tərəf. Avtobus gələnə qədər evimizi axtardım, amma tapa bilmədim. Özümdən çıxdım, yaşadığım evi tapa bilmədim. Gör nə günə qoyublar oraları? Ağır hisslər idi. Oradan qayıdandan sonra təsirindən necə çıxdım, bilmirəm. Mənim üçün danışmaq asan deyil. “İmarət”də gəzməyi arzu edirəm”.

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal