AMAN rəhbəri İranla gərginliyin artması fonunda Ağ Evə səfər edib

aman-rehberi-iranla-gerginliyin-artmasi-fonunda-ag-eve-sefer-edib
Oxunma sayı: 403

İsrail Hərbi Kəşfiyyatının (AMAN) rəisi general-mayor Şlomi Binder bu həftə Vaşinqtonda, Ağ Ev rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.

Kanalın məlumatına görə, sözügedən yüksəksəviyyəli səfər ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat hazırlıqları və Yaxın Şərqdə hərbi mövcudluğunu artırması fonunda baş tutub.

Görüşlərin əsas mövzusunun ABŞ və İsrail kəşfiyyat məlumatlarının sinxronlaşdırılması və mümkün zərbə ssenarilərinin müzakirəsi olduğu bildirilir.

Məlumata görə, Donald Tramp administrasiyası hazırda İslam Respublikasında hakimiyyət dəyişikliyinə yönəlmiş bir sıra strateji tədbirləri ciddi şəkildə nəzərdən keçirir. Lakin İsrailin yüksəkvəzifəli hərbi mənbələri bu cür genişmiqyaslı siyasi məqsədlərə yalnız hava hücumları vasitəsilə nail olunacağına şübhə ilə yanaşırlar. Onlar qeyd edirlər ki, hakimiyyət dəyişikliyi daha mürəkkəb və uzunmüddətli koordinasiya tələb edir.

Xatırladaq ki, bundan öncə ABŞ-nin “United Against Nuclear Iran” (UANI) təşkilatından İrana endiriləcək mümkün zərbələr üçün 50 strateji hədəfdən ibarət siyahı aldığı da qeyd olunub. Bu siyahıya İranın nüvə obyektləri ilə yanaşı, hərbi komandanlıq mərkəzləri və infrastruktur qovşaqlarının da daxil edildiyi ehtimal olunur.