“Amana AI” və “BBG Energy” Azərbaycanda süni intellekt əsaslı həllər üzrə strateji platforma qurur

amana-ai-ve-bbg-energy-azerbaycanda-suni-intellekt-esasli-heller-uzre-strateji-platforma-qurur
Oxunma sayı: 245

Süni intellekt və qabaqcıl analitika sahəsində fəaliyyət göstərən beynəlxalq texnologiya şirkəti “Amana AI” Azərbaycanda fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm addım atıb.

“Qafqazinfo” xəbər verir ki, şirkətin rəhbərliyi Bakı şəhərinə səfəri çərçivəsində, regional tərəfdaş qismində çıxış edən “BBG Energy” ilə birgə bir sıra dövlət qurumları ilə yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə dövlət idarəçiliyində rəqəmsal transformasiya, məlumat əsaslı qərarvermə sistemləri və süni intellekt texnologiyalarının tətbiqi imkanları müzakirə olunub.

Görüşdə “Amana AI”nin təsisçisi və rəhbəri Simon Carnegie eləcə də “BBG Energy”nin İdarə Heyətinin Sədri Mehrəli Qasımov, Beynəlxalq Əməliyyatlar üzrə müavini Murad Hümbətov iştirak edib. Tərəflər tərəfindən təqdim olunan həllər böyükhəcmli məlumatların emalı, risklərin proqnozlaşdırılması və strateji qərarların optimallaşdırılması istiqamətlərini əhatə edir.

Qeyd olunub ki, Azərbaycan regionda innovativ texnologiyaların tətbiqi və rəqəmsal transformasiya baxımından yüksək potensiala malikdir. Bu baxımdan, “Amana AI” və “BBG Energy” əməkdaşlığı çərçivəsində regionda uzunmüddətli layihələrin reallaşdırılması imkanları dəyərləndirilir.

Səfər çərçivəsində keçirilən görüşlər qarşılıqlı maraq doğuran istiqamətlərin müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.