“Anamı bir də nə vaxt görəcəyəm?” - Ömürlük məhbusun son sözü

anami-bir-de-ne-vaxt-goreceyem-
Oxunma sayı: 19758

Bakı Apelyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İlqar Muquzovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruslan Əfəndiyev məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istinaqda və Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadələrdən imtina etdiyini bildirib. O ərizəsini elan etmək istəsə də, hakimlər buna icazə verməyib və R.Əfəndiyevdən sadəcə şikayətlərə münasibət bildirməsini tələb ediblər. R.Əfəndiyev vəkillər Cavid Rzazadənin və Vasif İsrafilovun şikayətlərinin təmin olunmasını istəyib və heç bir şikayəti olmadığını deyib.

R.Əfəndiyev ərizəsində hadisə zamanı təqsirləndirilən M.Quliyevin heç kimin qollarını tutmadığını qeyd edib.

Təqsirləndirilən S.Quliyevin vəkili V.İsrafilov son söz nitqi ilə çıxış edərək hüquqlarını qoruduğu şəxsin yalnız müdafiə həddini aşdığını deyib və ölüm maddəsinin həmin maddəyə tövsif edilməsini istəyib.

C.Rzazadə replika çıxışı edərək şikayətdə R.Əfəndiyevlə bağlı hissədən imtina etdiklərini deyib.

Sənan Quliyev son sözlə çıxış edərək qəsdən adam öldürmədiyini, belə fikrinin olmadığını deyib: "Ruslanı öldürsəydim bu qədər pis olmazdım, davanı o salmışdı. Rəhmətlik Azərin isə səsini də eşitməmişdim. Gülsabah xanım, övladınızı itirmisiz, Allahınızı itirməyin. Ömürlük həbs ölümdən də pisdir. Azər üçün Quran oxuyuram, oruc tuturam. Anası isə bu hərəkətləri ilə günah qazanır. Mənim hökmümü Allah verəcək. Fikirləşəndə ki, adam öldürmüşəm, dəhşətə gəlirəm. Amma vicdanım təmizdi, Azər heç yuxuma da girmir. Allah istəməsə heç nə olmaz, demək ki, belə istəyib. Bir səhvdi də etmişəm. Demirəm ki, açın məni buraxın. Düz-əməlli həyatımı yaşayırdım da, hadisə vaxtı nə qədər də dil-ağız tökdüm ki, dalaşmayın. Kaş o bıçaq üstümdə olmazdı, döyülərdim. Demək ki, qismətim beləymiş. Ölüm yaxşı insanlar üçün gözəl bir şeydi, gedib cənnətdə nemətlərimi alacam. Məhkəmələrə bu qədər pul verməkdənsə, gedin oğlunuza ehsan verin. Mənə ömürlük hökm oxunacağını gözləmirdim. Polisə özümün təslim olmağımı da nəzərə alın. Sizdən ədalətli hökm verməyinizi istəyirəm. Anamın 60 yaşı var, mən bir də onu nə vaxt görəcəyəm?"

Məhkəmə kollegiyasının qərarı ilə müdafiə tərəfinin şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd