Onlar bu tarixdə Vaşinqtonda görüşəcəklər

onlar-bu-tarixde-vasinqtonda-gorusecekler
Oxunma sayı: 1035

İsrail və Livan hökumətləri onilliklər davam edən gərginlikdən sonra ilk dəfə səfirlər səviyyəsində birbaşa danışıqlara hazırlaşır.

“Qafqazinfo” “Al Hadath” nəşrinə istinadən xəbər verir ki, görüş aprelin 14-də Vaşinqtonda keçiriləcək.

Bildirilib ki, danışıqlarda İsraili bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Hamade Moavad təmsil edəcək.

Məlumata görə, rəsmi Vaşinqton danışıqlar baş tutana qədər Livanın paytaxtı Beyrutun hərbi hücumlardan qorunacağına dair xüsusi təhlükəsizlik zəmanəti verib. Sözügedən diplomatik addım bölgədə atəşkəsin möhkəmləndirilməsi və davamlı sülhün əldə olunması məqsədini daşıyır.

Danışıqlar masasında İsrail qoşunlarının Livanın cənubundan geri çəkilməsi, “Hizbullah” hərəkatının tərksilah edilməsi, sərhəd mübahisələrinin həlli və məhbusların azad edilməsi kimi kritik məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik müvəqqəti atəşkəs elan etsə də, İsrail Livanın cənubunda “Hizbullah” infrastrukturuna qarşı əməliyyatlarını davam etdirmişdi. Hazırda Vaşinqton və Beyrut administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahudan birbaşa danışıqlar başlayana qədər hücumları müvəqqəti dayandırmağı xahiş ediblər.

Məlumat üçün bildirək ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətlərinin birbaşa görüşləri baş tutub.