Biz martın 17-də müsahibə üçün Azərbaycan Dövlət Akademik Filarmoniyasına gəldiyimiz zaman Gəncəyə səfərə hazırlaşan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası zalda məşq edirdi. Bunu məşq adlandırmaq isə bəlkə də, tam doğru deyil. Çünki eşitdiyimiz ifa konsert səviyyəsindədir. Sadəcə, zalda tamaşaçı yoxdur.
“Qafqazinfo” olaraq bu dəfə Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Xalq artisti, “Şöhrət” ordenli dirijor Yalçın Adıgözəlovla söhbətləşdik. Dahi bəstəkar, Azərbaycan SSR xalq artisti Vasif Adıgözəlovun ailəsində doğulan, tanınmış musiqi nəslinin üçüncü şəcərəsini təmsil edən 66 yaşlı sənətkarla müsahibəmizdə sənətin görünməyən tərəfləri, musiqi mühitindəki çətinliklər, gənclərin seçimləri və ailədən gələn sənət yolunun yaratdığı məsuliyyət barədə danışdıq:
- Dirijor peşəsi səhnədə göründüyünüz saatlardan ibarət deyil. Bir neçə həftədir danışırıq və hər dəfə ya səfərdə, ya da yeni konsert hazırlığında olduğunuzu deyirsiniz. Bu qədər intensiv qrafikdə musiqi ilə şəxsi həyat arasında tarazlığı necə qoruyursunuz?
- Bu bizim həyatımızdır, uzun illərdir bu rejimdə yaşayırıq. Hamımız - bütün musiqiçilər, sənət adamları, Azərbaycan mədəniyyətinə xidmət edən insanlar gecə-gündüz çalışırlar. Böyük bir ordudur. Biz onlara sənətinin fədaisi deyə bilərik. Çünki musiqiçilərin yaşam tərzi heç də asan deyil. Ağır bir həyatdır. Amma biz bu sənəti, bu yolu seçmişik. Vətənimizə, xalqımıza, mədəniyyətimizə, torpağımıza xidmət edirik. Düzdür, çətindir, lakin artıq alışmışıq.
Sabah 18 martdır, Çanaqqala savaşının 111-ci ildönümüdür. İllər öncə, 1998-ci ildə Ankarada Xalq artisti, rəhmətlik bəstəkar Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyasının dünya premyerası oldu. O illərdən başlayaraq bu əsər Azərbaycanda və buradan çox uzaqlarda səslənir.
İndi gözəl bir layihə var. Mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir. Layihə çərçivəsində martın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində gerçəkləşən konsertdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala–1915” oratoriyası təqdim olunacaq. Elə hazırda biz də həmin layihə çərçivəsində Gəncədə baş tutacaq konsertə hazırlaşırıq.
Fürsətdən istifadə edərək bu gözəl təşəbbüsə görə Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanın bölgələrində Bakının aparıcı musiqi kollektivlərinin çıxışı çox gözəldir. Oradakı tamaşaçı sənətə qovuşa biləcək. Bu, çox vacibdir. Tarixi günlər yaşayırıq.
.jpg)
- Elə bu yaxınlarda belə səfərlərdən biri Ağdama olmuşdu. Bakıda böyük sənətçiləri dinləyə bilməyənlər üçün gözəl şansdır.
- Əlbəttə. Qarabağ zonası çox vacibdir. Baxın biz xoşbəxt bir nəsilik. Çünki 5–10 il əvvəl bu barədə heç kim düşünə bilməzdi. Amma artıq görürsünüz, biz təyyarəyə minirik və qulağımız eşidir: “Bakı–Füzuli”. Özümüzü xoşbəxt hiss etməliyik. Çünki bizim nəsil bu günləri gördü. Amma nəyin bahasına? Bizim müzəffər ordumuzun, canlarını verən övladlarımızın, əsgərlərimizin və xalqın iradəsinin sayəsində. Artıq hər yerdə alnıaçıq gəzə bilərik.
.jpg)
- Müsahibələrinizdən birində demisiniz ki, “Mənim səhv etmək ixtiyarım yoxdur”. Atanızın və babanızın adı sizin həyatınıza və sənət yolunuza necə təsir edib?
- Hamı bilir ki, mən sənətkar nəslində, bəstəkar Vasif Adıgözəlovun ailəsində dünyaya göz açmışam. Zülfü Adıgözəlovun evində anadan olmuşam. O evin üzərində lövhə də var. Sözsüz ki, o mühit, babam, atam, əmim… Yəqin ki, mənim seçim etmək hüququm olmayıb. Amma heç peşman da deyiləm. Bu yolla davam etməli idim. Bu gün bu ailənin üçüncü nəsil nümayəndəsiyəm. Bilmirəm dördüncü nəsil olacaq, ya olmayacaq, bunu zaman göstərəcək. Kiçik oğlum istəyir, alınsa, davam edəcək. Biz onunla belə danışmışıq: Əgər görsə ki, uğurları çox da böyük deyil, o zaman davam etməyəcək. Müəyyən meyarlar var. Bu sənətdə başqa cür olmaz, ya irəlidə, birincilər sırasında olmalısan, ya da bu işlə məşğul olmamalısan. Mənim fəlsəfəm belədir.
.jpg)
- Ailənizin digər üzvlərindən bu sənətə maraq göstərən olmadı?
- Üç övladım var, böyüklər istəmədi. Amma sonbeşiyimiz istəyir, istedadı da var. Hələlik tələbədir, oxuyur.
- Övladlarınızın bugünkü peşə seçimləri öz istəkləri ilə olub? Bəzən valideynlər düşünürlər ki, onların seçdiyi peşə övladları üçün ən yaxşısıdır. Siz necə düşünürsünüz?
- Düzgün deyil. Övladlarımız peşələrini özləri seçiblər. Biz həyat yoldaşımla bunu yaşadıq. Mən çox istədim ki, böyük oğlumuz mühəndis olsun. Getdi oxumağa, 3–4 il təhsil də aldı, amma sonradan dəyişdi. Dedi ki, “ata, mən bunu istəmirəm, bu sizin seçiminiz idi”. Başqa universitetə qəbul oldu, bitirdi və çalışır. Qızım istəyirdi ki, həkim olsun. Çünki hər ailəyə bir həkim lazımdır. Bilirsiniz ki, mənim qardaşım da həkimdir. Anam tərəfdən qohumlarımızın yarısı dilçi, yarısı isə həkimdir. Qızımız düz 5 il həkimlik oxudu. Amma 5 ildən sonra dedi ki, “mən istəmirəm”. O da başqa universitetə getdi, oxudu və hazırda öz seçdiyi peşədə çalışır.
Demək istəyirəm ki, övladlarımız bizim malımız deyil. Bu, bəlkə, bir az kobud səslənir, amma biz onlara sahib deyilik. Peşə seçiminə də sahib deyilik. Mən heç kiçik oğlum Tamerlana da basqı yaratmadım. Özü istədi və dedi ki, “ata, mənə imkan ver, xoşum gəlir, məşğul olmaq istəyirəm”. Mən də bir tərəfdən istəyirəm. Çünki davam etsə, dördüncü nəsil olacaq. Sözün düzü, başqa tərəfdən də könlüm ağrıyır. Çünki bilirəm ki, nələrdən keçməlidir. 66 yaşım var, mən hələ də o əzablı yolları davam edirəm.

Haqsızlıqlar çoxdur. Təəssüf ki, hər yerdə olduğu kimi sənət aləmində də haqsızlıqlar var. Dəyərli insanları qoruyub saxlaya bilmirik, onlara lazımi qiyməti verə bilmirik. Bəzən isə bu sahəyə təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar. Azərbaycanda belə şeylər olmamalıdır. Burada yaşamayan, xalqını, millətini, musiqisinin incəliklərini bilməyən insanlar bu sahəyə rəhbərlik edə bilməz, bu mənim fikrimdir.
- “Dəyərli sənətkarlara lazımi qiyməti verə bilmirik” dediniz. Bu nədən irəli gəlir?
- Mübarizə aparmaq lazımdır. Amma bunu hər kəs istəmir. Elə insanlar var ki, onların yolunu kəsirlər, maneələr yaradırlar, işdən uzaqlaşdırırlar. Onlar isə təvazökar insanlardır, başlarını aşağı salıb çalışırlar. 20, 30, 40 il Azərbaycan mədəniyyətinə xidmət edən belə insanlar var. Onlar gedib hər yerdə danışmır, məhkəməyə vermir, şikayət etmir. Sadəcə uzaqlaşırlar. Bəziləri ölkəni tərk edir. Təəssüf ki, aparıcı mütəxəssislər teatrlarımızı, orkestrlarımızı tərk edib gedirlər. Gərək biz onlara dəstək olaq, əl uzadaq.
- Bəzən istedadlı insanlar əsas sənətlərindən çox, başqa fəaliyyətlə yadda qalırlar. Məsələn, Elza Seyidcahanın məşhur bəstələri olsa da, çox vaxt şeirləri ilə xatırlanır.
- Elza xanım Bakı Musiqi Akademiyasının məzunudur. Bəstəkardır, Arif Məlikovun sinfini bitirib, əlində diplomu var. Mən Elza xanımın bəstələrini bəyənirəm. Onun bəstələri var, partituranı yazmağı bacarır. Siz Elza xanımdan deyil, başqa bəstəkarlardan ehtiyat edin. Adını bəstəkar qoyan, böyükhəcmli əsərlərə əl atan insanlardan danışın. Əslində mən Elza xanımın şeirlərini eşitməmişəm. Bilirəm ki, şeirlər yazır. Mənə maraqsız olduğu üçün diqqətimi çəkməyib. Bu onun hobbisidir. Mən onu bəstələri ilə tanıyıram.
Bu gün burada 4 solisti dinlədiniz. Vokalçılar Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, onların hər biri gəncdir. Başqa yola əl atmırlar, səhnəyə çıxıb özlərini sənətləri ilə tanıtmaq istəyirlər. Bilirsiniz, bu “özümü tanıdım, populyar olum” kimi şeylər məncə, düzgün deyil.
.jpg)
Bu yaxınlarda Bakının bir rayonunda musiqi məktəbində konsertə dəvət etmişdilər. Getdim, dinlədim. Vokalçı gənc qızlar gəldi. Oradakı qızlardan biri ilə dialoqumuz oldu. Çox da yaxşı səsi var idi.
Dedim ki, “Qızım, çalışırsan görürəm, istedadın da var, inşallah ki, Bakı Musiqi Akademiyasına qəbul olacaqsan, orada təhsil alacaqsan. Kimə qulaq asırsan? Kimdən xoşun gəlir?”
İndi populyar olan bir müğənninin adını çəkib deyir ki, “mən o qadın olmaq istəyirəm”. Həmin müğənni popçudur. Yəni klassik musiqiyə yönlənmək istəmir, popa yönəlir. Məşhur olmaq üçün, hər gün ondan yazılsın deyə... Bax budur təhlükəli olan.
Kamança aləti sabah Bakı məktəblərində yox ola bilər, çünki yoxdur, azalıb. Balaban yoxdur. Sonra qonşularımız deyəcək ki, balaban bizimdir, kamança bizimdir. Biz bunları düşünməliyik. Bu, siyasətdir.
- Musiqidən söz düşmüşkən, onu da deyim ki, bu gün təhlükə hesab edəcəyimiz məqamlardan biri də gənclərin bayağı mahnı dinləməsidir. Son günlərdə efirlərlə bağlı çox müzakirələr oldu. Bir neçə proqramın yayımı da dayandırıldı. Buna səbəb kimi bəzi ifaçıların davamlı olaraq eyni efirlərə dəvəti də göstərildi.
- Bütün təqsir elə televiziya kanallarındadır. O bayağı musiqilərin dinləyicisi var. O da haradan gəlir? Zövqdən. Zövq də haradan gəlir? Tərbiyədən. Tərbiyə haradan gəlir? Ailədən, evdən. Məsələn, bizim ətrafımızda olan dostlarımızın, qohumlarımızın övladları elə musiqiləri dinləməzlər. Mümkün deyil ki, mənim övladlarım elə musiqilərlə maraqlansınlar. Mühit önəmlidir. Elə ailələr var ki, evində səhər saat 8-də televizor açılır, ata da, ana da, baba da, nənə də qulaq asır. Bu uşaq nə etsin? Uşaq da nəyi görürsə, onu edir. Evdə bu yemək bişir də. Məsələn, bilir ki, evdə küftədən başqa yemək yoxdur, uşaq da onu yeyir. Amma sən o uşağı gətir filarmoniyaya, operaya, klassik musiqi konsertinə bax, gör bəlkə marağı oyanacaq.
Heydər Əliyev 70-ci illərdə nə edirdi? Həmin bu zalda bütün məsuliyyətli işçilər, bütün məmurlar hər cümə günü gəlib otururdular. Niyə? Çünki birinci katib gəlib otururdu. Kimin haqqı var idi ki, Heydər Əliyev lojada oturandan sonra o gəlib oturmasın?
.jpg)
Əvvəlcə təəccüblənirdilər, sonra yatırdılar, daha sonra yavaş-yavaş başladılar maraqlanmağa. Biri xanımı ilə, biri övladı ilə, biri nəvəsi ilə gəlməyə başladı. Maraq yaranmağa başladı, niyə? Çünki təməlini qoyan kişi var idi. Mədəniyyəti gərək güclə, məcburiyyətlə ötürəsən. Elə-belə mədəniyyət, mədəniyyət, mədəniyyət deməklə olmur. Sən ailənə, övladına mədəniyyəti tərbiyə etsən olacaq, yox boş buraxsan, o zaman gedib telefonu alacaq əlinə “TikTok”, instaqram, feysbuk - bunlarla məhv olub gedəcək. Kitab oxuyan yoxdur bu gün. Nə deyim? Türklər demişkən “yazıklar olsun”.
- Son zamanlar süni intellektlə hazırlanan musiqilər geniş müzakirə olunur. Hətta bəzi dinləyicilər onları klassik əsərlərdən ayırmaqda çətinlik çəkirlər. Sizcə, gələcəkdə bu texnologiya bəstəkarların uzun müddət üzərində işlədiyi əsərləri əvəz edə bilərmi?
- Bu, müasir həyatımızda gündəmə gələn reallıqdır. Bunun qarşısını ala bilməyəcəyik, mümkün deyil. Seçim etməyi bilməliyik. Təəssüf ki, gənclərimiz bu seçimi edə bilmirlər. Amma seçim etməyi bacaran gənclərimiz də var. 3-4 dil bilir, Avropanın aparıcı universitetlərində oxuyurlar. Bütün ümidimiz onlaradır ki, qayıdıb ölkəyə gəlsinlər. Gəlsələr əgər… Gəlməsələr də, ölkəmizin adını dünyada ən yaxşı formada tanıdacaq, təmsil edəcəklər. Süni intellekt nə qədər inkişaf etsə də, onun ürəyi, qoxusu, dadı yoxdur. Bu, çox vacibdir.
.jpg)
- Tanınmış türkiyəli tarixçi və professor İlber Ortaylı vəfat etdi. Siz də paylaşım etmişdiniz. Valideynlərinizin onunla yaxşı münasibəti olub. Bir az bu barədə danışardınız.
- 1967-ci ildə Azərbaycandan haradasa 30-40 nəfərdən ibarət olan ilk rəsmi heyət Türkiyəyə gedir. Onların içində alimlər, sənət adamları, böyük professorlar olur. Qrupa da rəhbərliyi birinci katib Vəli Axundov edir. Həmin illərdə Türkiyəyə səfər etmək üçün Azərbaycandan birinci Moskvaya gedirdilər və oradan 2-3 hərbçi gəlib onlara qatılırdı, daha sonra Sofiya-İstanbul qatarı- Şərq Ekspresi ilə İstanbula gedirdilər. Həmin heyətdə mənim gənc, 30 yaşlı atamla anam da var imiş. Şəkillər bu günə qədər bizim evimizdə qalır. İstanbulda onları kim qarşılayır? 20 yaşlı İlber Ortaylı. İlber bəy o vaxt turist agentliyində çalışırmış və bunlara şəhəri göstərirmiş. Azərbaycandan gedən gənc xanımlar bu yaraşıqlı türk oğlana aşiq olmuşdular. Sonradan İlber bəylə atamgilin çox gözəl münasibəti olur. Hər dəfə İlber bəy Azərbaycana gələndə onlar görüşürlər. Atamla dost idi, anamla da gözəl münasibətləri var idi. Ümumiyyətlə, İlber bəyin Azərbaycanda çox dostları var idi. Çox böyük alim, böyük türk idi. Allah rəhmət eləsin, ruhu şad olsun. Böyük itkidir. Axırıncı dəfə burada konsertdə görüşdük, qucaqlaşdıq, atamı, anamı soruşdu və mən də onların artıq dünyadan köçdüyünü dedim. Çox məyus oldu.
.jpg)
- Bu sahənin içində olan bir sənətkar kimi sizdən soruşmaq istəyirəm: Bu gün Azərbaycanda müəllimindən şagirdinə qədər musiqi ilə məşğul olanların üzləşdiyi əsas problem nədir?
- Əsas problem odur ki, musiqiçi gərək əsas elə musiqi ilə məşğul olsun. Məsələn, Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr ixtisasdan, musiqi fənlərindən çox yaxşıdırlar, amma orada başqa fənlər də var. Hansı ki, musiqi ilə bağlı deyil, əsasən dillə, tarixlə bağlı fənlərdən kəsilirlər, oxuya bilmirlər.
Mən hər dəfə musiqi məktəblərinə gedəndə gözümlə görürəm ki, musiqi müəllimi gətirib şagirdinin cibinə 1-2 manat pul qoyur, yol pulu... Ki, “oğul, gələn dəfə dərsə gələrsən”. Müəllimin öz maaşı 250-300 manatdır. Bax budur problem. Bilmirəm, siz bunların hamısını verəcəksiniz. Sonra fəsadı nə olacaq? Sonra bizim üstümüzə düşəcəklər, ya yox? Amma bu, vacib məsələdir.
.jpg)
- Musiqi olmasaydı, özünüzü hansı sahədə təsəvvür edərdiniz?
- Həkim olardım. Çünki həkim insanın bədənini, ürəyini, ciyərini, beynini şəfalandırır. İnsan bədənini sağaltmaq üçün çalışır. Sənətkar isə insanın ruhunu müalicə edir. Ruhsuz həyat məncə, maraqsızdır. Mən hər şeydən çox musiqidən zövq alıram. Musiqi qədər məni həyəcanlandıran başqa bir anlayış yoxdur. Çünki mən bunu seçmişəm, bununla yaşamaq istəyirəm və düşünürəm ki, musiqidən gözəl heç nə ola bilməz. Çünki musiqini hamı anlayır. Dili bilməyə bilərsən, amma musiqinin dilini hamı anlayır. Musiqi səni sevindirə də, kədərləndirə də bilər. Musiqidə hər şey var. Azərbaycanın bəstəkarlıq məktəbində çox qürur verən adlar var. Bunun təməlini rəhmətlik Üzeyir bəy nə qədər sağlam qoyubsa, ondan sonra davamçıları maestro Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyev, Cövdət Hacıyev, Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Rəşid Behbudov… Sadalasam, bitməz. Bu adlar yaşayacaq. Onlar bizim qürur mənbəyimizdir. Azərbaycan musiqisi hər zaman zirvələrdə olub, biz də çalışırıq onu hər zaman zirvədə qoruyub saxlayaq. Amma təəssüf ki, mane olanlar da var. Bu da onların öz aurasıdır. Axır-əvvəl Allah qarşısında cavab verəcəklər.
- İllərdir səhnədəsiniz. Xarici səfərlər, ölkədaxili konsertlər… Bu qədər zaman keçməsinə baxmayaraq, səhnəyə çıxanda dəyişməyən hansı hiss qalır?
- Həyəcan. Çünki bilmirsən, bəlkə də axırıncı dəfə səhnəyə çıxırsan. Hər səhnəyə çıxanda o çıxış sonuncu ola bilər. Ona görə içində nə varsa - bütün həyacanını, bütün gücünü səhnədə qoyursan. Amma bilmirsən səhnədə nə olacaq. Bayaq məşqi çəkərkən şahid oldunuz ki, səhnədə 130-140 adam var. Bu səhnə dolu idi və onlar hamısı mənim əlimdəki nazik çubuqdan asılıdırlar. Mən orada hərəkətdə bir yanlış etsəm, aləm qarışacaq bir-birinə. Sözümü ona gətirirəm ki, mənim səhv etmək haqqım yoxdur. Mina axtaranlar bir dəfə səhv edirlər, onunla da həyat bitir. Allah qorusun, hələ olmayıb, bundan sonra da olmaz.
.jpg)
- Sanki səhnədə bir qədər sərtsiniz …
- Biz səhv edə bilərik, robot deyilik. Amma məsuliyyətsizlik, diqqətsizlik, hörmətsizlik qəbuledilməzdir. Məsələn, biz burada çalışırıq, kimsə cibindən telefon çıxarır və mən belə şeylərə əsəbiləşə bilərəm. Hətta xahiş edə bilərəm ki, səhnəni tərk etsin və bu, çox olub. Elə insanlar var ki, artıq mənimlə çalışmırlar. Vaxtilə onlara demişəm ki, “tərk edin səhnəni”, elə o gedən gediblər. Birisi 20, birisi 30 il əvvəl gedib. Mən səhnəyə çıxanda o çıxa bilmir, belələri də var. Səbəb hörmətsizlik... Məni sevməyə bilərsən, mənə hörmət göstərməyə bilərsən, amma ikimiz çöldə olanda. Burada yox, burada məcbursan hörmət etməyə. Qarşılıqlı hörmət olmalıdır. Sən burada mane olacaqsan, başqaları çalışacaq… Olmaz.
.jpg)
- Həmin an üçün əsəbiləşib, sonra gülərək xatırladığınız olub?
- Mən çox nadir hallarda səsimi yüksəldirəm. Ümumiyyətlə, yüksək səslə danışmağı sevmirəm. Çünki bir dəfə, iki dəfə, üç dəfə ucadan danışsan, sonra heç kim səni eşitməz. Bu, ailədə də belədir. Mən heç vaxt valideynlərimizin bizimlə yüksək səslə danışdığını görməmişəm. Atamızın bir baxışı kifayət edirdi. Elə səviyyəyə çatmamalıdır ki, insan yüksək səslə danışsın. Bura iş yeridir, nizam-intizam olmalıdır. Biz burada dövlətimizə xidmət edirik. Hər kəs öz işini görməlidir.
- Səhnədə çıxış edən sənətçilər tamaşaçı ilə birbaşa göz təması qururlar. Dirijor isə orkestrə tərəf dayanır. Bu vəziyyətdə tamaşaçı ilə əlaqəni necə hiss edirsiniz?
- Mən görmürəm, amma hiss edirəm. Mənim kürəyim var ha... O deşik-deşikdir. Çünki zaldan ya istilik, sevgi, məhəbbət, həyəcan gəlir, ya da buz kimi soyuq oxlar. Adamın kürəyini o soyuq oxlar elə deşir ki, sonra çıxanda süzək kimi olursan. Mən onları hiss edirəm, onlar da məni.
.jpg)
- Teatrlarda tamaşaçı azlığı ilə bağlı illərdir şikayətlər səslənir. Amma son vaxtlar müşahidə edirəm ki, həm gənclər, həm də yaşlı nəsil konsert və tamaşalara daha fəal gəlir. Bəs siz bugünkü tamaşaçı kütləsindən razısınızmı?
- Mən o tamaşaçıdan razıyam ki, bizim konsertlərə gəlir. İnqilabdan əvvəl həmin bu səhnədə konsert olur, bütün Avropa bəstəkarlarının əsərlərini proqrama daxil edirlər. Üzeyir bəyin əsəri də ən axırda getməlidir. Təşkilatçı gəlib deyir ki, “Üzeyir bəy, konsert gedə-gedə camaat salonu tərk edir. Sənin əsərinə gəlib çatanda heç kim qalmayacaq”. Üzeyir bəy cavab verir ki, “bizə gedənlər yox, qalanlar lazımdır”. Dünyada klassik musiqiyə qulaq asanlar cəmi 1 faizdir. Klassik musiqi çox elitar bir sənətdir. Bizə o gələnlər lazımdır.
.jpg)
- Sosial şəbəkələrdə tez-tez belə sorğular görürük: Qulaqlıqla yol gedən insanlardan soruşurlar ki, “indi nə dinləyirsiniz?” Maraqlıdır, bu gün Yalçın Adıgözəlov nə dinləyir?
- Bu gün hansı əsər üzərində çalışıramsa, hansı əsərlə ilk səhnəyə çıxacağamsa, o əsərləri dinləyirəm. O anda həmin əsərlərin bəstəkarları mənim ən sevdiyim bəstəkarlardır. Sabah səhnədə rəhmətlik atamın əsərini idarə edəcəyəm. Onsuz da Vasif Adıgözəlov mənim ən sevdiyim bəstəkardır, ancaq bu an mənim beynimdə yalnız o əsər səslənə bilər.
.png)
- Həyatınızı bir simfonik əsərlə müqayisə etsəydiniz, hansı əsəri seçərdiniz və niyə?
- Çox çətin sualdır. Bilmirəm, bu barədə düşünməmişəm. Amma bizim həyatımız çox fərqlidir. Gözəl anlarla, həyəcanla dolu, bəzən kədərli nöqtələr də olur. Zirvələr, sonra yoxuşlar da olur. Hər halda sakit, mülayim bir əsər deyil. Həyəcanlı bir əsərdir. Elə “Çanaqqala-1915” oratoriyası kimi.
Lamiyə Məmmədova
Foto-Video: Xəyal Vəlizadə
.jpg)


