Anar Mehdiyev buna görə azadlıqda imiş - Yenilənib

anar-mehdiyev-buna-gore-azadliqda-imis
Oxunma sayı: 4406

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.

Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs - Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib. 

Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.

Qanuna əsasən, xüsusilə külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi üçün vurulmuş ümumi ziyanın (800 min manat) 50 faizi həcmində, yəni əlavə 400 min manat dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə 800 min manatdan əlavə ödəniş həyata keçirilməyib.

Gələcəkdə məhkəmə istintaqı dövründə də əlavə 400 min manat ödənilməzsə, ittihamedici hökm çıxarıla bilər. Hazırda təqsirləndirilənlər üçü də polis nəzarətindədirlər.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

***

Əldə etdiyimiz digər məlumata görə, Anar Mehdiyevlə birgə məsuliyyətə cəlb edilən və barəsində cinayət işi açılan Ruslan Ələsgərov da tanınmış iş adamıdır.

O, “Gilan Pivot” MMC-nin rəhbəridir. Bir müddət əvvəl Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə R.Ələsgərovun şirkəti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Şirkət əsasən kənd təsərrüfatı üçün pivot suvarma sistemlərinin satışı və quraşdırılması ilə məşğuldur.

Sail Ağasəlim

Fotolarda Anar Mehdiyev və Ruslan Ələsgərov