“Arzum Heydər Əliyev haqqında mühazirə oxumaqdır”

arzum-heyder-eliyev-haqqinda-muhazire-oxumaqdir
Oxunma sayı: 4211

“Cənab Prezident İlham Əliyevin ötən ay, noyabrın 28-də Qarabağ Universitetinin yaradılması barədə imzaladığı tarixi Sərəncam cəmiyyətimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Bu, ələlxüsus da elm ictimaiyyətində yeni elmi hadisə kimi qiymətləndirməkdədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib.

V.Abdullayev qeyd edib ki, Qarabağ bölgəsi özünün zəngin elm və mədəniyyəti, yüksək təhsil ənənəsi ilə tariximizdə xüsusi yer tutur, bu bölgənin yetişdirdiyi dəyərli ziyalılar, sanballı elm xadimləri Azərbaycanın elm və ictimai həyatına öz töhfələrini verib:

“Əziz Qarabağımızın mərkəzi olan Xankəndi şəhərində isə 1969-cu ildə istifadəyə verilmiş Azərbaycan Pedaqoji İnstitutunun filialı və 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən Xankəndi Pedaqoji Universiteti neçə-neçə tanınmış mütəxəssisin yetişməsində müstəsna rol oynamışdır. Çox təəssüf ki, erməni separatçılarının torpaqlarımızı işğalı nəticəsində Xankəndi Universitetinin təhsil ənənələri sıradan çıxmışdı.

Çox şükürlər olsun ki, Ali Baş Komandan və rəşadətli Ordumuz bütün ərazilərimiz kimi Xankəndi şəhərini də erməni separatizmindən azad etdi və bütün dövlət atributlarımız, tarixi irsimiz bərpa olunduğu kimi Xankəndi şəhərinin elm və təhsil ənənələri də bərqərar edilməkdədir”.

Professorun sözlərinə görə, artıq Qarabağ Universitetinin təşkili prosesinə başlanılıb:

“2024-2025-ci tədris ilində bu ali təhsil ocağında 800-1000-dən artıq tələbənin təhsil alması planlaşdırılır. Universitetdə ilk mərhələdə bir çox ixtisaslar, o cümlədən beynəlxalq münasibətlər, regionşünaslıq, tarix və s. tədris olunacaq.

İstərdim ki, Universitetdə həm də xarici ölkələrdən, xüsusilə də Avropa və Asiyadan tələbələr də təhsil alsınlar, bu ali məktəb beynəlxalq statuslu elm və təhsil mərkəzinə çevrilsin. Bəllidir ki, ermənilərin uzun illər zəhərli ideologiyası Xankəndini 100 il ərzində dünyaya erməni irsi kimi təqdim edib, keçmiş Xankəndi Pedaqoji Universiteti tamamilə antitürk ideologiyasının mərkəzinə çevirmişdi, Stepan Şaumyan və digər türk düşmənləri haqqında yazılmış saxta elmi-tarixi əsərlər tələbələrə tədris olunmaqla yanaşı, eləcə də dünya ictimaiyyətində ölkəmiz və xalqımız haqqında yanlış təsəvvürlər formalaşdırılıb.

Ona görə də, Qarabağ Universitetində Azərbaycanın tarixi həqiqətləri, dövlətçiliyimiz və azərbaycançılıq ideologiyası, müasir ictimai və siyasi tariximiz daha geniş tədris olunmalıdır və bu, erməni yalanlarının ifşasında mühüm rol oynaya bilər.

Universitetdə ulu öndər Heydər Əliyevin zəngin irsi haqqında sanballı elmi mühazirələrin təşkilini isə daha vacib hesab edirəm. Təklif edirəm ki, Universitetin nəzdində Heydər Əliyev Mərkəzi yaradılsın”.

“Mən özüm də erməni separatizminin qurbanı olmuşam, 1988-ci ildə Basarkeçərdən öz dədə-baba yurdumdan zorla didərgin salınmışam, ona görə də erməni saxtakarlıqlarının canlı şahidi kimi gənc nəslə tariximiz, ictimai-siyasi proseslər çatdırmaq üçün buradakı tədrisdə yaxından iştirak etmək istərdim.

Hesab edirəm ki, mənim elmi, ictimai-siyasi fəaliyyətim buna imkan verir, Azərbaycanın ilk siyasi elmlər doktoru, professoru kimi 100-lərlə elmi-siyasi məqalənin müəllifiyəm. Cənab İlham Əliyev haqqında 1998-ci ildə “O Böyük Siyasətə hazırdır” kitabım gürcü, ingilis, latış, ukrayin dillərində nəşr edilib, eləcə də, cənab Prezident haqqında yazdığım “Sülh və Sabitlik Prezidenti” kitabım ukrain dilinə tərcümə olunub. Son 5 ildə “Milli Siyasi Elitamızın Heydər Əliyev Zirvəsi”, “Azərbaycanın Mehriban Siması”, “Humanizmin Azərbaycan Simvolu”, “Dövlətçiliyimizin Simvolu” adlı kitablarımı dərc etdirmişəm.

Ən böyük arzum fəaliyyətimi elmi-tədqiqat müəssisələrindəki işlərimə, Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri doktoru kimi elmi təcrübəmə əsaslanaraq, Qarabağ Universitetində davam etdirmək, ulu öndər Heydər Əliyev haqqında mühazirə oxumaqdır”, - V. Abdullayev əlavə edib.