Avropa Parlamenti koronavirus sertifikatının tətbiqini təsdiqlədi

Avropa Parlamenti koronavirus sertifikatının tətbiqini təsdiqlədi
Oxunma sayı: 1468

Avropa Parlamenti Avropa İttifaqı və Şengen ölkələri arasında səyahət etməyi asanlaşdırmaq üçün hazırlanmış COVID sertifikatlarının tətbiq edilməsini təsdiqləyib.

“Qafqazinfo”nun “Deutsche Welle” telekanalına istinadən verdiyi məlumata görə, Strasburqdakı plenar iclasda 546 Avropa Parlamenti üzvü bu ölkələrin vətəndaşları üçün sertifikat tətbiqetmə qaydalarına səs verib, 93-ü əleyhinə, 51-i bitərəf qalıb.

Sertifikatların Aİ və Şengendə yaşayan üçüncü ölkə vətəndaşlarına verildiyi ikinci sənədin lehinə 553 millət vəkili səs verib, 91-i əleyhinə səs verib, 46 nəfər bitərəf qalıb.

İndi bu sənədlər Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Avropa İttifaqında koronavirus sertifikatı rəsmən iyunun 1-dən tətbiq olunacaq, lakin sənəd artıq test rejimində verilir. Bu günədək bir milyondan çox insan bu sənədi əldə edib.

Xatırladaq ki, Avropa Komissiyası martın 17-də Aİ ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair qanun layihəsini təqdim edib. Sənəddə üç məlumat öz əksini tapacaq: COVID-19 infeksiyasına qarşı peyvəndin vurulması, koronavirus testinin mənfi nəticələri, həmçinin xəstəlikdən sağalma və immunitetin mövcudluğu.

Burada Avropa İttifaqında təsdiqlənmiş vaksinlərdən söhbət gedir: “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”.

Avropa İttifaqının və ya Şengen bölgəsinin hər bir dövləti öz mülahizəsinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan və ya ayrı-ayrı Aİ ölkələri tərəfindən istifadə üçün təsdiqlənmiş peyvəndlərə dair sertifikatlar verə biləcək.

Rusiyanın “Sputnik V” peyvəndi bəzi Aİ ölkələrində, xüsusən Macarıstanda istifadə olunmasına baxmayaraq ÜST prosedurunu hələ başa çatdırmayıb.

Üçüncü ölkələr tərəfindən verilmiş sertifikatların Avropa sertifikatları meyarlarına cavab verdikləri təqdirdə tanınması da təmin ediləcək. Məsələn, Ukrayna artıq Avropa Komissiyası ilə qarşılıqlı tanınma barədə danışıqlar aparır.

Sertifikat müvafiq nəticədən 11 gündən tez verilməyəcək və etibarlılıq müddəti 180 gün olacaq.

Sertifikatlar ödənişsiz veriləcək, mobil telefon və QR kod vasitəsilə də istifadə edilə biləcək.

Peyvənd olunan və sertifikat alan vətəndaşların Avropa İttifaqının daxilində səyahət edərkən testdən keçmək və karantin qaydalarına riayət etmək məcburiyyətindən azad olunacağı gözlənilir.