Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş F.Abbasov idarə etdiyi “Mersedes” markalı 50-FL-442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.
Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanını çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb.
Sürücü barəsində toplanılmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə F.Abbasov inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb.
Qeyd edək ki, Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər