ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) Ayda uzunmüddətli insan fəaliyyəti üçün enerji təminatını gücləndirmək məqsədilə yeni plan üzərində işləyir.
“Qafqazinfo” xəbər verir ki, agentlik 2030-cu ilə qədər Ay səthində nüvə reaktorunun yerləşdirilməsini hədəfləyir.
Bu təşəbbüs NASA-nın “Fission” Səthi Enerji Layihəsi çərçivəsində həyata keçiriləcək.
Layihəyə əsasən, 2028-ci ilə qədər orta güclü nüvə reaktorunun orbitə çıxarılması planlaşdırılır. Proqramın reallaşdırılması üçün ABŞ Energetika Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulur.
Son illərdə kosmik tədqiqatların sürətlənməsi fonunda NASA-nın “Artemis” proqramı xüsusi diqqət çəkir. Bu proqram çərçivəsində astronavtların uzun fasilədən sonra Aya göndərilməsi planlaşdırılır və gələcəkdə daimi Ay bazalarının qurulması məqsəd kimi qarşıya qoyulur.
Bildirilir ki, Ayda günəş enerjisindən istifadə bir sıra ciddi məhdudiyyətlərlə üzləşir. Bunlardan ən əsası Ay gecələrinin uzunluğu ilə bağlıdır. Ayda bir gecə Yer vaxtı ilə təxminən 14 gün davam edir ki, bu müddətdə günəş panelləri işləyə bilmir və enerji təminatında fasilələr yaranır.
Bundan əlavə, günəş enerjisi Ayın daim kölgədə qalan bölgələrində – xüsusilə su buz ehtiyatlarının olduğu cənub qütbündə – effektiv istifadə oluna bilmir. Bu isə gələcək tədqiqat və resurs çıxarılması planlarını çətinləşdirir.
Bu səbəbdən nüvə enerjisi alternativ kimi ön plana çıxır. Nüvə reaktorları günəş işığından və hava şəraitindən asılı olmadan illərlə fasiləsiz enerji təmin edə bilir. Layihə çərçivəsində hazırlanacaq sistemin 40-100 kilovatt gücündə olması gözlənilir ki, bu da kiçik Ay bazasının fəaliyyətini təmin etmək üçün kifayət hesab olunur.
Rəsmi açıqlamalara görə, belə texnologiyalar yalnız Ay missiyaları üçün deyil, həm də gələcəkdə Marsa planlaşdırılan insanlı uçuşlar üçün mühüm sınaq platforması rolunu oynayacaq.
Son xəbərlər
Son Xəbərlər