Aygün Səmədzadə “Azərbaycan 100 mahnıda” layihəsini təqdim etdi - Fotolar

aygun-semedzade-azerbaycan-100-mahnida-layihesini-teqdim-etdi
Oxunma sayı: 5143

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində Xalq artisti Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, layihənin rəhbəri və ideya müəllifi bəstəkar Aygün Səmədzadədir.

Tədbirin aparıcısı Leyla Quliyeva olub. O, əvvəlcə kitab barədə qısa açıqlama verib. Aparıcı qeyd edib ki, “Azərbaycan 100 mahnıda” klaviri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Klavirdə Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnını cəmləşdirən “Azərbaycan 100 mahnıda” kitabı təqdim edilib.

Həmçinin vurğulanıb ki, toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə Dövlət Himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnıları öz əksini tapır. 

Tədbirdə millət vəkilləri Jalə Əliyeva və Ziyad Səmədzadə, ombudsman Elmira Süleymanova və digər ictimai xadimlər çıxış edərək Aygün Səmədzadənin uğuruna sevindiklərini qeyd ediblər.

Kürsüyə çıxan A. Səmədzadə isə təqdimata qatılan hər kəsə təşəkkürünü bildirib. Gecə insəcənət xadimlərinin çıxışı ilə başa çatıb.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov